Nə damağı var
Göz gözə baxanda məhəbbət ilə, Ciyər alışmağın nə damağı var! Ortalıqda işvə, qəmzə, naz olar, Küsüb-barışmağın nə damağı var!
Quşnarov tütünlə Ananov kağız,* Bükə paprosunu bir norəstə qız, Bir o ola, bir sən, bir otaq yalqız, Deyib-danışmağın nə damağı var!
Dura qulluğunda canu başınan, Nazu qəmzəyinən, gözü qaşınan, Gah yalvarmağınan, gah savaşınan, Köysünü açmağın nə damağı var!
Könlün müştaq ola xəttü xalına, Məlakə şəklinə, mah camalına. Alma kimi yanağının alına Gözün sataşmağın nə damağı var!
Yazıq Ələsgər, canın qurban elə sən, Görməyibsən, ləzzətini biləsən. Danışasan, oynayasan, güləsən, Öpüb sarmaşmağın nə damağı var!