Nə bilim
Eşitmişəm, görməmişəm, Əhli-haldımı, nə bilim. Dil ballanmış pətəkdimi, Dodaq baldımı, nə bilim.
Xanımdımı, kənizdimi, Damladımı, dənizdimi, Ağüzlü aybənizdimi, Qara xaldımı, nə bilim.
Ellidimi, elsizdimi, Əllidimi, əlsizdimi, Dillidimi, dilsizdimi, Dili laldımı, nə bilim.
Telin ucu hörmədimi, Gözündəki sürmədimi, Başındakı tirmədimi, İpək şaldımı, nə bilim.
Özgələr yox, özü deyib, Qaşı deyib, gözü deyib, Bir “sevirəm” sözü deyib, Sözü faldımı, nə bilim.
2010, 24 aprel