Əsas məzmuna keç

Qoşma

Nahaq endik o dağların başından

Zəlimxan Yaqub

1

Nahaq endik o dağların başından, Gərək orda qal oğlu qal olaydıq. Ömrümüzü gül ömrünə döndərib Zirvədə qar, pətəkdə bal olaydıq.

Allaha tən, haqqa yardı zirvələr, Yaranışdan dümağ qardı zirvələr. Ömrümüzü uzadardı zirvələr, Nahaq endik o dağların başından.

Üfüqlərdə quş olmaq da gözəldi, Şimşəklərə tuş olmaq da gözəldi, Lap o yerdə daş olmaq da gözəldi, Nahaq endik o dağların başından.

Ucalığı ölüm-itim haqlamır, Peyğəmbərdi, qəlbində kin saxlamır. Min il keçir, bir qayası laxlamır, Nahaq endik o dağların başından.

Haqq evidi hər daş otaq, hər kaha, Salam verir dan yerinə, sabaha. Təzə-təzə qovuşurduq Allaha, Nahaq endik o dağların başından.

Ruh paklaşır, yağan qardan ağ olur, Can bərkiyir, saf poladdan sağ olur. Dağ başında vallah, adam dağ olur, Nahaq endik o dağların başından.

2007, 7 iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.