Əsas məzmuna keç

Heca şeiri

Nağıl kimi gəlir mənə bu dünya

Zəlimxan Yaqub

1

Nağıl danışardı nənəm gecələr, Nağılla dolardı sinəm gecələr, Uzun illər keçib aradan indi. Bütün olmuşları, olacaqları, Nağıla döndərib Yaradan indi, Nağıl kimi gəlir mənə bu dünya.

Ağ qoç aydınlığa atardı məni, Qara qoç atardı zil qaranlığa. Nağıllı günlərim qayıdan deyil, Qayıdıb yanğımı soyudan deyil, Nağıl kimi gəlir mənə bu dünya.

Tanrım, bu mənəmmi, mən deyiləmmi, Bu “mən” burdadırsa, o “mən” hardadır? Qoynunda üzdüyüm dəli dağ çayı, Qoynunda gəzdiyim çəmən hardadı? Nağıl kimi gəlir mənə bu dünya.

Bu dünya nə qədər böyükmüş, Allah, Bir dərəm, bir dağım var indi mənim. Bir dəli köhlənim, bir düzəngahım, Bir yaşıl yaylağım var indi mənim. Yaşılım sarıya çevrilir indi, Gözəlim qarıya çevrilir indi, Nağıl kimi gəlir mənə bu dünya.

Qayğılar içində batdıq, talandıq, Fikrimiz dağıla-dağıla qaldı. Ay nənəm, hardasan, yetir özünü, Yenə ümidimiz nağıla qaldı, Nağıl kimi gəlir mənə bu dünya.

Böyüklər ürəkdən sevinə bilmir, Uşaq sevincimi qaytaran ola. Dəniz istəmirəm, dalğa gəzmirəm, Bulaq sevincimi qaytaran ola. Ömür vaxt əlində talanmış, demək, Gördüyüm nə varsa, yalanmış, demək, Nağıl kimi gəlir mənə bu dünya.

Ay geri boylana, il geri dönə, Diz nənəmdən ola, baş məndən ola. Söz-söhbət uzana xoruz banına, Dinləmək həvəsi kaş məndən ola. Heyif, ol dediyim olası deyil, Kövrək uşaqlığım, dəli gəncliyim, Mənimlə bir yerdə qalası deyil. Ürək hər nisgili çəkir özünə, Hər şeyi düşünən ağıl oluruq. Şirin nağıllara çox qulaq asdıq, Dönüb özümüz də nağıl oluruq, Nağıl kimi gəlir mənə bu dünya.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.