Nağıl
Elə bil ki, heç dünyada yoxuymuş, Həqiqət yox, əfsanəymiş, yuxuymuş, Qədimlərə səpələnmiş, dağılmış, Milyard illik bir yol keçən nağılmış. Köklərini yerli-dibli qoparıb, Neçə bağdan neçə bağban aparıb. Əcəlin də şirə qalıb dişində, Dünya yenə işindədir, işində! Elin-günün hər işinə yar olan, Sifəti nur, saç-saqqalı qar olan, Ömrü-günü ömürlərə calanmış, Bir insanın var olmağı yalanmış. Öz əliylə becərdiyi, əkdiyi, Gündə yüz yol qayğısını çəkdiyi, Ağaclar var, meyvəsini dərən yox, Budaqlar var, qoltuğuna girən yox. Bir çiçək var, çəkən gərək nazını, Bir könül var, çalan gərək sazını. Bir nəvə var, babasını haraylar, Dilindədir hər həftələr, hər aylar. Ürəyindən, ağılından danışar, Baba adlı nağılından danışar. Sona çatan, bitən deyil bu nağıl, Ötən deyil, itən deyil bu nağıl.