Musiqi mağazası
Bu səslər hamısı tanrı töhfəsi, Gur səslər içində bir səs gəzirdim. Qürbət soyuğunda üşüyən kəsi Ovudan, qızdıran nəfəs gəzirdim.
Bura ayrı yerdi, ayrı həyatdı, Hanı bu həyatın Azərbaycanı. Üzeyir ayrıca bir Kainatdı, Hanı Kainatın Azərbaycanı.
Qəlbin çırpıntısı, ruhun bəstəsi, Hanı “Kürd ovşarı”, hanı “Şur”, görən? Zirvələr fəth edən Xan şikəstəsi Niyə bu zirvəyə qovuşmur, görən? Hanı yurdumuzun səs şəlaləsi, Gələ, daşa burda, tökülə burda. Hanı saz harayı, kaman naləsi, Dağlar qaya-qaya sökülə burda.
“Segah” şirinliyi dönüb bal olsa, Həsrəti çiynimdən ata bilərdi. “Yanıq Kərəmi”dən bircə xal olsa, Sevincdən ürəyim yata bilərdi.
Batmış gəmi kimi cumdum dərinə, Ölürəm, ölənə bir həyat verin. Çörək əvəzinə, hava yerinə, Mənə bircə parça muğamat verin.
Yaman darıxmışam bu yad şəhərdə, Bir “Misri”, bir “Cəngi” dirildər məni. Axsa ürəyimə səs pərdə-pərdə, O səsin çələngi dirildər məni.
Qədir zənguləsi, Alim cəh-cəhi, Allah vergisidir, vergim bəs hanı? Yerin şadlığıdı, göyün fərəhi, Bu səs dünyasında sərgim bəs hanı?
Bu da Qarabağın taleyidimi, Min yerdən dolaşıb, düyünə düşə. Səsimiz çatmaya kar qulaqlara, Zamanın səsinə, küyünə düşə.
Duy, nədir qəlbimdə coşan nəğmələr, Tanı Amerika, haqqımı tanı! Allah ölkələrə salanda nəzər, Sazından, sözündən, muğamatından, Səsindən tanıyıb Azərbaycanı!
2001, iyun Nyu-York