Əsas məzmuna keç

Qoşma

Müşgünaz

Aşıq Ələsgər

1

Sübhün çağı mah camalın görəndə, Xəstə könlüm gəldi saza, Müşgünaz! Sona tək silkinib, gərdən çəkəndə, Bənzəyirsən quya, qaza, Müşgünaz!

Könül qəmgin, ürək dərdli, vərəmli, Səni gördüm səxavətli, kərəmli, Bir mirzə lazımdı əli qələmli, Mən deyəm, vəsfini yaza, Müşgünaz!

Camalın görəndə aya bənzəyir, Sallanışın Züleyxaya bənzəyir, Qabaq ayna, qaşın yaya bənzəyir! Qiymət yoxdu ala gözə, Müşgünaz!

Dörd tərəfin bənövşəli bağ olsun, Həmişə yediyin bal-qaymaq olsun, Sağ-solunda qardaşların sağ olsun, Corabları yaxşı bəzə, Müşgünaz!

Ötkün sözüm, kəsgin baxtım olaydı, Ağ otağım, zərrin raxtım olaydı, Ələsgərəm, cavan vaxtım olaydı, Qəddim əyib qəhri-qəza, Müşgünaz!

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.