Musayə təsəlli göründi turdən
Musayə təsəlli göründi Turdən, Məst olub ağlını şaşırdı sirdən, Ənəlhəq sirrini aldım Mənsurdən, Məhəbbət kəmərin ərkandan aldım.
Həq bilir, sözümə hiylə qatmazam, Hər kəsə bu siri əyan etməzəm, Qiyməti bilinməz yerdə satmazam, Mən bu nəsihəti bir candan aldım.
Çalış bu girdabın çıx yörəsinə, Dərman gizlənibdir dərd arasına, Məlhəm sarılarmı eşq yarasına? Bu elmi, hikməti Loğmandan aldım.
Aləm başdan-başa bir seyrangahdır, Gir könül şəhrinə, gör nə dərgahdır. Bir gizlicə sirdir, qüdrətüllahdır, Yazılmış dəftərü divandan aldım.
Tərkü təcrid oldum, tökdüm qəbayi, Əynimə geyindim şalü əbayi,
Mana sorun kimdən aldım yasayi? İsmayıla enən qurbandan aldım.
Dünyadan əl çəkdim, ərkandır işim, Çeşmilə, bürhandır, tökülür yaşım, Sizlərə hədiyyə, eldədir başım, Ol yaşıl yaprağı Salmandan aldım.
Lüğət: Ənəlhəq – haq mənəm, gerçək mənəm; Ərkan – qaydalar, rüknlər; Yasayi – qanun-qaydanı; Bürhan – dəlil-sübut