Əsas məzmuna keç

Qoşma

Murad Köhnəqalaya

Zəlimxan Yaqub

1

Ay Murad, sehrinlə qır tilsimləri, Bir görək o köhnə qalada nə var? Haqqın dərgahına qaldır bizləri, Bir görək o ərşi-əlada nə var?

İtirdi nurunu göz ağlamaqdan, Füzuliyə döndü söz ağlamaqdan. Görən nə tapmışıq biz ağlamaqdan, Bu qədər ağrıda, bəlada nə var?

Həm toydan xəbər al, həm yasdan soruş, Hər köhnə kişidən bir dastan soruş. Dünyanın rəngini Yunusdan soruş, Yaşılda, qarada, alada nə var?

Dəmir əsalara sözünü dedi, Dəmir çarıqları daş yollar yedi. Saxla bir anlığa bu gethagedi, Bu qədər çuxurda, çalada nə var?

Baxmadı çəkdiyin amana, aha, Dövrün sitəmindən yoruldun daha. Nə çox boylanırsan qadir Allaha, Baxdığın o Allah-təalada nə var?

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.