Əsas məzmuna keç

Heca şeiri

Muğannadan gələn səs

Zəlimxan Yaqub

1
Zəng çalındı. Dəstəyi götürdüm. Min illərin arxasından gələn qədim bir səs eşitdim. Səs onun səsi idi. Telefonda böyük Xalq yazıçımız İsa Hüseynov danışırdı. Sakit və müdrik. Asta və usta. “Ayə, yaman dolmuşam, sən haqda yazmaq istəyirəm. Mənə pıçıltılar göndər”, – dedi. Dəstəyi asdı. Tanrının işinə bax ki, o anlar mənim də ruhumun pıçıltılı məqamları idi. Duyğularımız üst-üstə düşmüş, qəlbimizin telləri eyni hava üstə köklənmişdi.

Zəng çaldı gecənin bir aləmində, Köhnə kişilərdən bir nişan kişi. Ağardıb saçını dünya qəmində, Yerlərlə, göylərlə danışan kişi.

Zəngin səsini də pıçıltı bildim, Zərif duyğularla dolub-daşırdım. Ustad çağıranda yerdə deyildim, Göydə ərənlərlə pıçıldaşırdım.

Haqqın əsəridi dağlar, dərələr, Ətəkdə çiçək var, zirvədə qar var. Selin coşmağında dəli nərələr, Qarın yağmağında pıçıltılar var.

Dinər pıçıltılar hey sərin-sərin, Xəyalın qanadı, ruhun səsidi. Sevirəm deyəndə sevgililərin, Meh vuran gül kimi titrəməsidi.

Duyub düşünməkdi işin çətini, Baxdım, yarpaq ilə meh pıçıldadı. Göylərin yerlərə məhəbbətini, Çiçəklə öpüşən şeh pıçıldadı.

Əyil, bu hikmətin önündə əyil, Hay-küy ağ köynəkdə qara yamaqdı. Nə İncil, nə Quran danışan deyil, Allahla, bəndəylə pıçıldamaqdı.

Ürəkdə doğuldu, ürəyə yatdı, Söz ruhun meyvəsi, ilhamın barı. Nə qədər ölümsüz əsər yaratdı, Şairin Tanrıyla pıçıltıları.

Qəlbin qulaqları açılsa əgər, Qarışqa səsi də insana yardır. Nərələr nə vaxtsa susa da bilər, Əbədi yaşayan pıçıltılardı.

Həyat gizləmədi məndən varını, Bar verən payızam, qar verən qışam. Bir şair qəlbinin duyğularını, Torpağa qar kimi pıçıldamışam.

2002, 17 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.