Əsas məzmuna keç

Heca şeiri

Muğanna saz çalırdı

Zəlimxan Yaqub

1
İsa Hüseynova

Qalxıb yeddinci qata, Enib yeddinci qatdan, Bir söhbət başlamışdı Düşüncədən, həyatdan, Qolu, qanadı ruhdan, Mayası Kainatdan. Sehrlənmiş dünyası Məni məndən apardı, Muğanna saz çalırdı!

İncə fikri, xoş sözü, Şirin xalı sevgidi. Dünyanın neçə-neçə Dürlü halı sevgidi. Bu kişinin ən böyük İdealı sevgidi. Min illərin fikrinə, Xəyalına dalırdı, Muğanna saz çalırdı!

Qonmuşdum çəməninə, O – çiçək, mən – ac arı. Sazsız, sözsüz, havasız, Görən, kim nə bacarı. “Qapalı dünya”sının Tapılmışdı açarı. “Vərəsə”yə güvənib Tanrıdan güc alırdı, Muğanna saz çalırdı!

Kitablardan ayrılıb Bir az nəfəs alırdı, Sazla həmsöhbət olub Səs verib, səs alırdı. Yerdən güc, göydən qanad, Səsdən həvəs alırdı. Mələklər qanadında Göylərə ucalırdı, Muğanna saz çalırdı!

Barmağına axırdı Ürəyinin işığı, O sazın divanəsi, Saz onun yaraşığı. Bir-bir yada düşürdü Kimlərdi haqq aşığı. Yunus kimi nurlanır, Qorqudtək qocalırdı, Muğanna saz çalırdı!

Zəlimxan da qoşuldu, Muğannanın eşqinə. Ulu dərgaha varıb, Getdi sazın məşqinə. İki könül bir olub Düşdü selə, daşqına. Dəryaların təkinə Lövbərini salırdı, Muğanna saz çalırdı! Muğanna saz çalırdı!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.