Əsas məzmuna keç

Poema

Mövlanadan Şəmsə doğru

Zəlimxan Yaqub

1

MÖVLANADAN ŞƏMSƏ DOĞRU

(Lirik, fəlsəfi düşüncələr poeması)

YOLLAR – AXTARIŞLAR

Ləqəbi Şəmsəddin, adı Məhəmməd, Eşqin göylərində uçan quşdu o. Xorasan əsilli, Təbriz möhürlü, Ulu bir məkanda doğulmuşdu o.

Təbriz beşiyiydi arzularının, Artdı istəkləri, birə min oldu. “Şəms” adlı surədən aldı gücünü, Məhəmməd çevrildi Şəmsəddin oldu.

Quranı içindən keçirmək üçün, Quranın içindən keçmişdi Şəmsim. Allahın tükənməz hikmətlərini Aramaq yolunu seçmişdi Şəmsim.

Qəlbində, ruhunda, qanında Allah, Cövhərində Allah, canında Allah, Hər dəfə çəkdiyi nəfəsdə Allah, Coşub çağladığı həvəsdə Allah, Gərəksiz yolları atdı, unutdu, Ancaq Yaradanın yolunu tutdu. Yapışdı qolundan iman yolları, Bu Təbriz, bu Dəməşq, bu Şam yolları. Bu Məkkə, Mədinə, Hicaz yolları, Bu oruc yolları, namaz yolları,

Kərbəla yolları, Bağdad yolları, Haqqa qovuşmağın nicat yolları. Gecəli-gündüzlü zikrində Allah, Ağlında, beynində, fikrində Allah, Gördü alimlərin dayazlığını, Gördü aləmlərin ləyaqətini. Dərində axtardı, batində gəzdi, Ömrün mənasını, şeiriyyətini.

Səbrlə aşırdı bərəni, bəndi, Səbrlə keçirdi şəhəri, kəndi. Gündüz xəyalında, arzularında, Gecə yuxusunda Konya görürdü. Səhra küləyində, çəmən şehində, Çiçək qoxusunda Konya görürdü. Baxırdı qəlbinin pak aynasına, Könül guşəsində Konya görürdü. Səssiz hislərinin dərinliyində, Xəlvət guşəsində Konya görürdü. Gördüyü Konyanın hər qarışında Bir işıq görürdü, bir nur görürdü. Dolu ürəyində Allah sevgisi, Qaynar baxışında od gətirirdi. Fikir dünyasına, söz çəmreninə Təzə bir tam verir, dad gətirirdi. Alim Mövlananı aşiq etməyə Ad üstə təzə bir ad gətirirdi. Ona duyğuları pıçıldamışdı: Sən könül mülkünü Konyada axtar. Sirrinə sirdaşı, qəlbinə yarı, Eşqinə sultanı Konyada axtar. Orda xəzinələr xəzinəsi var, O saf xəzinənin başının üstə Haqqın nəzəri var, haqqın səsi var. Yeri istəyirsən – orda taparsan,

Göyü istəyirsən – orda taparsan, Qıfılı, açarı, sirri açmağa Nəyi istəyirsən orda taparsan. Təbrizdən Konyaya gələn yolları Çeşmə suyu kimi içib gəlirdi. Dərəni, təpəni, yalı, yamacı Qızıl bir quş kimi uçub gəlirdi. Onu qoruyurdu ana təbiət, Bu yolu uğurla bitirmək üçün. Dillər duadaydı, əllər havada, Şəmsi Mövlanaya yetirmək üçün.

ŞƏMSƏ GÜNƏŞ DEDİLƏR

Əvvəl özünü tanı, sonra anlat cahanı, Özünü tanıyan kəs xalqı bilməz olurmu?

Allahına üz tutub namaz qılırsa məxluq, Zikrini, duasını haqla bölməz olurmu?

“Gəlimli-gedimlidir, son ucu ölümlüdür”, Ölümsüzlük haqq işi, bəndə ölməz olurmu?

Buyurmaq Yaradana, buyrulmaq bizə düşər. O gəl deyib çağırsa insan gəlməz olurmu?

Şəms gördü Mövlananı, güldü könül dünyası, Arzusuna çatanda könül gülməz olurmu?

Nəyi çatmır Allahın, insanı yaşatmağa, Hər kəsə bir yol seçir, halal bir peşə verir.

Üzmək istəyənlərə dənizləri göstərir, Gəzmək istəyənlərə dağ verir, meşə verir.

Kolların dibini də sahibsiz qoymur Allah, Gözəllərə bənzəyən kövrək bənövşə verir.

Qəlb alışır, can yanır, ruh çırpınır, göz sevir, Ürəyə eşq adlanan əbədi nəşə verir.

Sevənlər, sevilənlər Şəmsə Günəş dedilər, Çünki Allah ən böyük eşqi Günəşə verir.

MÖVLANAYA DOĞRU

Yanmağı bilməyən bişməyi bilməz, Nə çiyə, nə də ki, xama gedirəm. Zərli saraylara tamah salmadım, Nurlu bir daxmaya, dama gedirəm.

Adı min bir olan, özü birim var, Alışan ocağım, yanan pirim var. Həqiqət elmində kəm-kəsirim var, Bütövə can atıb, tama gedirəm.

Səslər dünyasının zili, pəsiyəm, Udun fəryadıyam, neyin səsiyəm. Qırxlar məclisinin pərvanəsiyəm. İçməyə şərbətə, cama gedirəm.

Nəfsin xatasından ötüşməliyəm, Min parça olsam da, bitişməliyəm. Tanrı dərgahına yetişməliyəm, Uca bir arzuya, kama gedirəm.

Dost dedim, dolaşdım yeddi iqlimi, Hər yerdə dost dedi qəlbimin simi. Mövlana eşqinə pərvanə kimi, Konyaya can atıb, Şama gedirəm.

Bu gediş adicə bir səfər deyil, Gedib kef çəkəsən, kef eləyəsən. Bu yolun tilsimli qapılarından, Bütün sınaqları, çətinlikləri, Gərək imanınla dəf eləyəsən.

Bu gediş adicə bir səfər deyil, Bu yolu getməyən bəxtəvər deyil.

Əqidə sirdaşın, düşüncə dostun, Gərək yumaq kimi çözələnəsən. Özünü tapasan onu tapanda, Hər gün içəridən təzələnəsən.

İncələ-incələ ip olmalısan, İncəlib, iynənin gözündən keçib Nazilə-nazilə sap olmalısan. Şam kimi əriyib səhra qumunda, Səhra küləyində çöp olmalısan. Bu gediş adicə bir səfər deyil, Yerdə çiçəklərdi onun heyranı, Göydə mələklərdi onun heyranı, On nəfər, yüz nəfər, min nəfər deyil.

Gizlindən səs gəldi qulaqlarıma, Fikir dənizində üz görüm indi. Dərya qasırğalı, həyat tufanlı, Mərcanı saplara düz görüm indi.

Yeni bir yön versin dövrana dünya, Gətirdi ilhamı cövlana dünya. Dünya Mövlanadı, Mövlana dünya, Sən orda ilhamla gəz görüm indi.

Dodaqda bir neydi, ürəkdə bir saz, Aparar, o, səni yollarda qoymaz. Onun ruhundakı ucalığı yaz, Yaza bilirsənsə, yaz görüm indi.

Hara baxdım, onu gördüm, ruhun kökündə Mövlana! Göyün uca tavanında, yerin təkində Mövlana! Baxdım Səməndər quşuna yanan tükündə Mövlana!

Qəlbin sönməz işığında, ağlın yükündə Mövlana! Sonda bir əvvəli gördüm, əvvəldə bir sonu gördüm, Oda, suya, yerə, göyə – hara baxdım onu gördüm.

ŞƏMSİN KONYA SƏFƏRİ

Bu adın işığından Şəmsim tutub gəlirdi, İlahi elmləri ürəyindən keçirib, Canını, cövhərini nura qatıb gəlirdi. Əliboş çıxmaq olmaz müqəddəs səfərlərə, Qəlbi, ruhu, varlığı, eşqi dolu gəlirdi. Qədim Anadoluya Gözlərinin nuruyla, Qəlbinin qüruruyla, İkinci bir möhtəşəm Anadolu gəlirdi.

Təbrizdən Bağdada, Bağdaddan Şama, Gah uçur, gah da ki, yeriyirdi Şəms. Yağ kimi əriyib yerə hopurdu, Mum kimi yumşalıb, əriyirdi Şəms.

İlahi bir eşqin pərvanəsiydi, Uçan Şəms, dönən Şəms, döndərilən Şəms. Bir səsin eşqinə qalxıb gedirdi, Göndərən haqq idi, göndərilən Şəms.

Hardan qayıdırdı, hara gedirdi, Onu hər diyara eşq aparırdı. Hara gedirdisə insan oğluna. Qəlbində nur dolu köşk aparırdı.

Bütün kitabları vurmuşdu başa, İnsanı kitabtək oxumuşdu o. Fikrin, düşüncənin üfüqlərində, Danışan mələkdi, uçan quşdu o.

Ruhların Təbrizdə doğan günəşi, Gəl deyən, çağıran səsə gedirdi. Enişlər, yoxuşlar yoranda onu, Dolama yolları kəsə gedirdi.

Gözündə göylərin ağ ulduzları, Qəlbində bir sönməz atəş gedirdi. Çatırdı dadına yol mələkləri, Başının üstündə Günəş gedirdi.

Böyük həqiqətə qovuşmaq üçün, Qərib bir yolçunun yolluğuydu bu. Tanrı eşqinəydi hər nəyi varsa, İnsanın Allaha qulluğuydu bu.

Elm ilə, eşq ilə dolu olanlar, Tanrı vergisindən yaxşı halıydı. Yolda qoyardımı Yaradan onu, Şəmsi mənzilinə çatdırmalıydı.

Bilirdi dilini bütün dillərin, Yer dili, göy dili, təbiət dili. Dünyada nə varsa danışdırırdı, Onun sevgi dili, məhəbbət dili.

Bəzəkdi, qabıqdı çöldə nə varsa, Çölündən içinə doğru gedirdi. Əkirdi, səpirdi, biçirdi ömrü, Əkinə, biçinə doğru gedirdi.

Onun gəlişiylə Anadoluya, Haqqın əfsanəsi, Şəmsi gəlirdi. Yer üstə yeriyən bir xəzinənin, Nəfəsi, ləhcəsi, ləmsi gəlirdi.

Şərqin tükənməyən sevgisi, eşqi, Savaşı, barışı, döyüşü, məşqi. Bağdadı, Hələbi, Şamı, Dəməşqi, Yığılıb bir yerdə hamısı gəlirdi.

Təpədən-dırnağa nur oğlu nurdu, Sel kimi havalı, çay kimi gurdu. Yerdə yeriyirdi, göydə uçurdu, Həm ocaq, həm torpaq, həm su gəlirdi.

İlahi sevgilər nə imiş, Allah, Yerdə sən yanırsan atəş yerinə. Axan ulduzlarla sən də axırsan, Göydə sən yanırsan Günəş yerinə.

Bir şam əriyəndə sən əriyirsən, Yanırsan odlara pərvanə kimi. Həqiqət olsa da sevgin, kədərin, Düşürsən dillərə əfsanə kimi. Səhra alışanda, qum qovrulanda, Qum kimi qovrulur haqq aşiqləri. Tufan qabaranda, külək əsəndə, Göylərə sovrulur haqq aşiqləri. Hər daş parçasında nəbzi döyünür, Odu səhralara yaraşıq verir. Sellərə dönəndə gözünün yaşı, Seli dəryalara yaraşıq verir.

Hər dəfə Tanrıya yaxınlaşanda, Təzədən doğulur haqq aşiqləri. Səs kimi yayılır dünya üzünə, Nur kimi dağılır haqq aşiqləri. Şəmsim də beləcə yol yeriyirdi, Dağları, daşları aşıb gedirdi. Zirvədə qar kimi təmizlənirdi, Dərədə çay kimi daşıb gedirdi. Mələklər gedirdi onunla birgə, Mələyə, fələyə, torpağa, suya, İlahi nəğmələr qoşub gedirdi.

Yer göyə, damla dəryaya, zərrə küllə, qərib vətənə, qartal zirvəyə, quş yuvaya can atan kimi Şəms də dağ- ları, düzləri aşa-aşa, çayları-selləri keçə-keçə, bulaqların gözündən içə-içə, ağacların kölgəsində dincələ-dincələ adını eşitdiyi, üzünü görmədiyi həzrəti Mövlanaya can atırdı. Onunla görüşmək arzusu ilə alışıb-yanır, qəlbin- dən keçən, dodağında pıçıldayan misralar səhra külək- lərinə qoşulub, qanadlanıb uçurdu. Şəmsin dodağından bu misralar süzülürdü:

Ey ulu Mövlana, səsimə səs ver, Göstər işarəni, harda görüşək? Ya mən göyə qalxım, ya sən yerə en, Harda qərar tutsan orda görüşək.

Ayrılıq ürəyə vurmasın zədə, Dədələr yerində əyləşsin dədə. Həqiqət adlanan uca zirvədə, Məhəbbət adlanan nurda görüşək.

Göstər, ululardan ulunu göstər, Uluya yar olan qulunu göstər. Yanmağın, bişməyin yolunu göstər, Ocaqda, atəşdə, qorda görüşək.

TƏBRİZLİ ŞƏMS KONYADA

Girdi şəhər qapısından, göz sevindi gördüyünə, Şükür dedi, bu fürsəti haqqın ona verdiyinə. Zarafatmı gecə-gündüz aylar ilə yol gedəsən, Sevinirdi haqq diləyin bəhrəsini dərdiyinə.

Konya bu gün aşıb-daşır, qaynayırdı qazan kimi, Oxuyurdu hər döngəsi qopuz üstə ozan kimi.

Gəlib çata bilməsəydi gözü-könlü sevən yerə, Şəmsim payız yarpağıtək saralardı xəzan kimi.

Öz alnının yazısıydı onu bura çəkən qüdrət, Kimdi yazan bəxtimizi tale özü yazan kimi.

Nə çıxacaq qarşısına, ürəyindən nələr keçir, Sızırdı duyğular qəlbə, damla daşdan sızan kimi.

Hara dönür, hara baxır, Mövlananın ətri gəlir, Eşqi uçurdu göylərə, haqqa çatan əzan kimi.

Görən kimi tanıyardı onu qaynar baxışından, Mövlanamız neçə dəfə onu röyada görmüşdü.

O, sərrafdı, bir tük belə gözlərindən yayınmazdı, Başı min bəla çəkmişdi, gözümin qada görmüşdü.

Ayağında dəmir çarıq, əlində bir dəmir əsa, Səmərqənddən çıxan günü, qumlu səhrada görmüşdü.

Gah batırdı, gah çıxırdı dalğaların arasından, Mahir üzən qəvvas kimi coşan dəryada görmüşdü.

Hər girəndə yuxusuna nə aləmlər yaradırdı, Şəmsi ayrı tamaşada, başqa dünyada görmüşdü.

Payızın yavaş-yavaş qışa dönən çağında, Tanrının duaları dilində, dodağında. Şəmsim Konyaya gəldi! O, Konyaya varınca, Sanki yeni doğuldu, təzə dünyaya gəldi. Konya imanla dolu bir irfan şəhəriydi,

Alim qədrini bilən, şairə qiymət verən, Ürəyə işıq salıb ağıla ziynət verən, Bir iman şəhəriydi! Sultanı şair idi, şairi sultan idi, Alimi, üləması dillərdə dastan idi. Bu gün Şəmslə açıldı burda doğulan səhər, Onu bağrına basdı Konya adlı bir şəhər.

GÖRÜŞ

Şəms qəlbində bəslədiyi ən böyük arzuya çataçatda idi. Artıq Konyada idi. Yola-izə, daşa-divara, məscidə-məd- rəsəyə hara baxırdısa, hamısında Mövlananı axtarırdı. Müxtəlif dillərdən və müxtəlif dinlərdən olan insan- ların yerişində, duruşunda, baxışında, söhbətində, pıçıl- tılarında, söhbətlərində Mövlanadan soraq gəzirdi. Artıq gördüyündən, bildiyindən, eşitdiyindən, müşahidələrin- dən ona məlum olmuşdu ki, bu şəhərdə hamı bir nəfərlə nəfəs alır. Onun adı Mövlana Cəlaləddin Rumidir.

Şəms uzaqdan tanıdı həzrəti Mövlananı, Elə bil ki, min ildi ona bağlıymış canı. Bir ağ göyərçin kimi uçuşundan tanıdı, Altındakı ağ atın qaçışından tanıdı.

Mövlana boylananda izdihamın içinə, Bir kənarda dayanan, Qara paltar geyinmiş uca bir kişi gördü, Gördü, bildi, tanıdı, qərib dərvişi gördü. Onun sərraf gözləri tanıdı öz Şəmsini, Yuxuda gördüyünü indi həyatda gördü. Sevincindən özünü Torpağın üstündə yox, yeddinci qatda gördü. Atdan endi quş kimi, Şəmsə sarı yeridi, Saçından dırnağına ona vurulmuş kimi. Ona sarı yeriyib öpdü Şəmsin əlini, Mövlana belə tapdı, Şəms adlı günəşini, Şəms adlı məşəlini. Çaşıb qaldı izdiham, Bu dərviş kimdir görən, Alimlərin sultanı öpür onun əlini, Əyən hansı səbəbdi, Bir dərvişin önündə ucalıq heykəlini? Ruh ilə ruh görüşdü, can ilə can görüşdü, Bir cahanın içinə iki cahan görüşdü.

İlahi duyğuların, Müqəddəs duyğusunda qaynadılar, daşdılar, Qardaş kimi birləşib, dosttək qucaqlaşdılar. İzdiham nə biləydi bu görüş nə görüşdü, Birdən-birə Mövlana Dərvişi görən kimi niyə bu hala düşdü?

Kök hardan güc alır, ruh kimdən gəlir, Cəddini axtarır, hər kəs cəddini. Uzaqdan-uzağa ətrini duyub, Şəmsim tanımışdı Cəlaləddini.

Ruh verdi bədənə, can qatdı cana, İki dağ bir eşqə əydi qəddini. Dağ dağa qovuşdu, insan insana, Şəmsim tanıyanda Cəlaləddini.

Bu görüş əbədi tarixə döndü, Böyük bir həsrətin yıxdı səddini. Ay Günəşi gördü, Günəş dünyanı, Şəmsim tanıyanda Cəlaləddini.

Nə vaxt sevinir insan, harda gülür taleyi? Özünü eşq adlanan dadda, tamda tapanda. Böyük həqiqətlərə tapşırıb öz canını, Pərvanə sevgisini yanan şamda tapanda.

Gecələr həmsöhbəti ulduz olur, ay olur, Gündüzlər məhəbbəti könüllərə pay olur. İnsan qalxıb, ucalıb mələklərə tay olur, Ruhunu Tanrıdakı ehtişamda tapanda.

Üz-üzə dayananda üzləri xoşbəxt olur, Bir-birinə baxanda gözləri xoşbəxt olur. İki əl qanadlanıb bir-birini sıxanda, Salam alıb verəndə sözləri xoşbəxt olur, Sevib sevilənlərin.

Könül adlı taxtı var, sevgi adlı şahı var, Harda səcdəyə gəlsə, orda səcdəgahı var. Harda olursa olsun üstündə Allahı var, Sevib sevilənlərin.

Qəlb evində Məkkəsi, Kəbəsi var, Hacı var, Başında şahlıq quşu, iman adlı tacı var. Dərdi dağa dönsə də eşq adlı əlacı var, Sevib sevilənlərin.

Ruh qohumu ruhumuzdan mayalanmış bir qüdrətdi, Çağırdı Şəmsi Mövlana, buyur dedi, gəl bəri gəl. Tök yağını çırağıma, düşmə mənim fərağıma, Gəl ey qəlbimin qanadı, gəl ey ruhumun pəri, gəl.

Uçan sənsən, uçur məni, dönən sənsən, döndər məni, Bildiyinə, sevdiyinə, gördüyünə göndər məni. Şəms eşqinə uçan mənəm, mələk kimi en, dər məni, Öz ruhunda ərit məni, mənim ruhumda əri, gəl.

Axsın qanım, yansın canım, məni eşqə bir qul tanı, Özgələrdən heç soruşma, məni özündə bil, tanı. Gəl ey ruhlar sərkərdəsi, gəl ey könüllər sultanı, Ərlikdə bir ərənlik var, gəl bu dərgahın əri, gəl.

Varlığına İlahinin zərrələri hopan kişi, Gur bir işıq dalğasıtək al Günəşdən qopan kişi. Uzaq-uzaq yollar yorub, gəlib məni tapan kişi, Gəl başımın ucalığı, gəl, sözümün ləngəri, gəl.

Yorub qərib yolçu uzaq yolları, Xorasandan keçib, Təbrizdən gəlib. Sözü apaydındı Ay-ulduz kimi, Suyu dumdurudu kəhrizdən gəlib.

Nə özünü incit, nə ruhunu əz, Könlü olanları könüllərdə gəz. Deməklə söhbəti, sözü tükənməz, Yükü eşq adlanan dənizdən gəlib.

Doğmalar doğmadı uzağa düşməz, Sevən sevdiyindən irağa düşməz. Meyvə öz kökündən qırağa düşməz, Bizimdi, bizdəndi, o, bizdən gəlib.

Ağlı, idrakı, təfəkkürü ilə bütün Şərqi heyrətə salan Mövlana kimi bir kişinin dilindən çıxan vəcdlə deyilmiş bu dəvətdən sonra coşmamaq, havalanmamaq, gör məni, bil məni, tanı məni deyən bir ərəni görməmək, bilmə- mək, tanımamaq olardımı. Şəms gəldi görmək üçün, gördü bilmək üçün, bildi tanımaq üçün. Mövlanaya qəl- binin sirlərini açmaqdan ötrü əlinə taleyin çoxdan göz-

lədiyi fürsət düşmüşdü. Açdı ürəyinin qapılarını, könül kitabını Mövlana üçün varaqlamağa başladı:

ŞƏMSİN ÜRƏK SÖZLƏRİ

Nahaq yerə uzaq yollar yormadım, Nahaq yerə səni sudan, havadan, Nahaq yerə səni səndən sormadım, Mən gəlmişəm sənə verim nurumu, Mən gəlmişəm sənə verim adımı, Mən gəlmişəm səndə tapım dadımı. Hürufiyəm, hərfim səni bilmişəm, Bir sufiyəm, safım səni bilmişəm. Göy üzündə uçur eşqin durnası, Orda cərgəm, səfim səni bilmişəm.

Ağız nədi, dodaq nədi, dil nədi, Dırnaq nədi, barmaq nədi, əl nədi. Alın nədi, kirpik nədi, qaş nədi, Ayaq nədi, bədən nədi, baş nədi. Yanaq nədi, sifət nədi, üz nədi, Baxmaq nədi, bəbək nədi, göz nədi. Bilək nədi, dirsək nədi, qol nədi? Gör nə qədər xəzinəmiz var bizim, Bir bu qədər xəzinənin içində, Bir bu qədər dəfinənin içində, Bilirikmi haqqa gedən yol nədi? Bil deyirdin, bilmək üçün gəlmişəm, Gör deyirdin, görmək üçün gəlmişəm. Bu dərgahda canı ruha tapşırıb, Bu dərgahda ölmək üçün gəlmişəm.

Uçan quşdan, əsən yeldən soruşub, Yerdə səni, göydə səni gəzirdim.

Duymaq üçün könüllərin dərdini, Dil-dil ötən neydə səni gəzirdim. Qismət kimi, ruzi kimi gəlmişəm, Sən torpaqsan, mən su kimi gəlmişəm. İllər boyu ürəyində tutduğun, Bir müqəddəs arzu kimi gəlmişəm. Bir ox kimi hədəflərə atılmaq, Kaman kimi gərilmək var bu yerdə, Bu yerlərə ölmək üçün gəlmişəm, Ölən günü dirilmək var bu yerdə.

MÖVLANA İŞIĞINDA

Bu nə sınaq, nə yoxlama, nə imtahan qapısıdır, Hər millətə açıq olan ulu cahan qapısıdır. Ürəklərdən xəbər verən könül və can qapısıdır, Mömin – müdrik, aqil – cahil, alim gəlsin, nadan gəlsin, Keçən Mövlanadan keçsin, gələn Mövlanadan gəlsin.

Ya imansız, ya imanlı, ilqar-iman fərqi yoxdu, Sevgi – nifrət, yalan – doğru, yaxşı – yaman fərqi yoxdu. Ya Musəvi, ya İsəvi, ya müsəlman fərqi yoxdu, Bu qapıda məhəbbətin şərbətini dadan gəlsin, Keçən Mövlanadan keçsin, gələn Mövlanadan gəlsin.

Sevgisi tək bircə damla, nifrəti qat-qat olsa da, Ürəyində yeddi ləkə, yeddi yerdən çat olsa da, Şübhələrin caynağında hər gün narahat olsa da, Çəkinməsin bu dəvətdən, ya bir axşam, ya dan gəlsin, Keçən Mövlanadan keçsin, gələn Mövlanadan gəlsin.

Mövlananın qapısından keçəndə, Düşün incə, daşın incə, gir incə. Bir əbədi dost qapısı taparsan, O qapıdan saf ürəklə girincə.

Mən onu axtarırdım canda bir cahan kimi, Haqqa qovuşmaq üçün haqqı-saya can atdım. Varlığımı titrədən bir sədanın dalınca, İldən-ilə yeridim, aydan-aya can atdım.

Heç bilmədim bu fikir hardan düşdü beynimə, Allahın ən şərəfli yükü qondu çiynimə. Söz mənə libas oldu, sözü geydim əynimə, Həzin bir bulaq idim, daşqın çaya can atdım.

Torpaq verdi gücümü, Günəş verdi ziyamı,

Tanrının dərgahında yoğurdular mayamı. Yaradanın özündən aldım xeyir-duamı, Bişmək, bişirmək üçün, Mövlanaya can atdım.

İÇDƏN-İÇƏ GEDƏN YOL

Çəkildi xəlvətə ayım, günəşim, Qırx gün, qırx gecəlik çilə çəkdilər. Süzüldü duyğular, yandı fikirlər, Qəlbin tellərini zilə çəkdilər.

Qırx gün bir hücrədə gün axşam oldu, Alışan pərvanə, yanan şam oldu. Biri şərbət oldu, biri cam oldu, Gülün şirəsini gülə çəkdilər.

Gəzdilər başa baş ruh aləmini, Tapdılar söhbətin, sözün çəmini. Dünya qayğısını, həyat qəmini, Onlar da daşıyıb belə çəkdilər.

Bir Allahdı, bir Mövlana, bir də ki, Şəms, Üçlük nədi, üçü görmək istəyirəm. Dindirən kim, danışan kim, susan kimdi, Çölü gördüm, içi görmək istəyirəm.

Ruhda, canda dürlü-dürlü hallar gedir, Şaxələnir hər tərəfə qollar gedir. İçdən-içə görünməyən yollar gedir, O yollarda köçü görmək istəyirəm.

Yerə sığmır, eşqi dönüb yer-göy olur, Qəlbi, ruhu gah saz olur, gah ney olur. İnsan necə heçdən gəlib hər şey olur, Can gözümlə heçi görmək istəyirəm.

Dünyanın içində insan oğlu var, İnsanın içində sevginin barı. Mövlana yoluna qaytarmaq olmaz, Dünya varı üçün yaşayanları.

Xam gələr, xam gedər bu yer üzündən, İçi olmayanın çölü yoxdu, yox. Allahı göydə yox, içində axtar, Orda dirilər var, ölü yoxdu, yox!

Kar olmaq qorxutmur haqq adamını, Qəlbinin qulağı var, eşidəcək. Bəsirət gözünü aça bilibsə, Kor haqqı görəcək, kar eşidəcək.

Tanrı nə gözdədi, nə qulaqdadı, O, könül adlanan uca taxtadı. Bişənlər, yananlar dərk edər onu, Çiy qalan kəslərdən çox uzaqdadı.

Görünən bədəndi, başdı, ayaqdı, Başın içindəki fikir görünməz. Görünən ağızdı, dildi, dodaqdı, Dildə söz, dodaqda zikir görünməz.

Bütün görünənlər göz qabağında, Bütün görünməzlər iç aləmində. Kimlər içəridən haqqa tapınsa, Payı olmayacaq suç aləmində.

İşıq göz üçündü, səs qulaq üçün, Dil dodaq üçündü, diş damaq üçün. Çölün işlərini yerbəyer elə, İçəri dünyanı yaşamaq üçün.

Bir göz qırpımında açıldı, soldu, Üzdən alışanlar, çöldən yananlar. Mövlanamız oldu, Şəmsimiz oldu, İçindən, ruhundan işıqlananlar.

İstidən, sərindən keçdilər onlar, Dayazdan, dərindən keçdilər onlar. Verdi salamını üçlər, yeddilər, Qırxların pirindən keçdilər onlar. Eşqin sınağından, ruhun içindən, Canın cövhərindən keçdilər onlar. Su yada düşmədi qovrulsalar da, Aclıq bilmədilər ac olsalar da. Haqqın ayağında toza döndülər, Ağıllı başlarda tac olsalar da. Sən yoxsan, mən yoxam, tək orda yar var, Şəmsin, Mövlananın dodaqlarında Yara göndərilən pıçıltılar var. Nəzir də ordadı, niyaz da orda, Oruc da ordadı, namaz da orda. Könüllə danışıq ney dilindədi, Mələklə danışıq göy dilindədi. Buludun söhbəti yağış dilində, Günəşin söhbəti nur dilindədi. İbadət söhbəti Tanrı dilində, Qiyamət söhbəti sur dilindədi. Bircə Allah bilir, bir də özləri, Burda nə möcüzə, nə sirdi onlar. Qapı örtülüdü, pəncərə bağlı, Hücrədə könüllü əsirdi onlar.

Hər ağlın açmağa gücü çatmayan, Bir sirrin içində min sirdi onlar. Uca duyğuların gur ocağında, Yandıqca yanırdı, bişirdi onlar.

Qırılıb qalmazdı yolda arzular, Yol-yola bağlansa, köç-köçə gəlsə. Allahım, dünyada nələr olardı, Bütün qaranlıqlar səhər olardı. Təbrizli Şəms ilə Mövlana kimi Can-cana dayansa, iç-içə gəlsə!

Tut ağacı səs eləmir, sakit durub öz yerində, Sevgi saza çevriləndə sədası o tutdan gəlir.

Bəndələrin ah-naləsi ürəklərə sığmayanda, Hopur uda, keçir neyə, neydən gəlir, uddan gəlir.

Ölümün də, ölünün də bu dünyada öz səsi var, Səssizliyin səsinə bax, qəbirdən tabutdan gəlir.

İki könül sultanı var, ikisi də qula dönüb, Toxumları, mayaları vəhdəti-vucuddan gəlir.

Xəlvətilər xəlvətdədi, bizə işarələr verir, Dinlə deyir, ən güclü səs, ən dərin sükutdan gəlir.

İKİ CANDA BİR ÜRƏK

Şəms gəlib bu yerə ayaq basandan, Ustad əriyirdi eşqin içində. Dəli bir dəryaydı Şəmsin sevdası, Mövlana qalmışdı daşqın içində. Çıxmışdı yadından məktəb, mədrəsə, Fikri dəyişmişdi beş gün içində. Baş-başa iki şam tüstülənirdi, Yanırdı hücrənin, köşkün içində. Mövlana itmişdi öz dünyasında, Özünü sübhana bağışlamışdı. Önündə bir dəniz dalğalanırdı, Ömrünü tufana bağışlamışdı. Şəmsə dəniz deyib, özünə damla, Damlanı ümmana bağışlamışdı. Onun dünyasının adı Şəms idi, Dünyaya baxırdı Şəmsi görürdü. Dünyanın içində bir cənnət kimi, Konyaya baxırdı Şəmsi görürdü. İşıqlı cümlədə, nurlu fikirdə, Sevdiyi kitabda Şəmsi görürdü. Verdiyi sualda, aldığı sözdə, Tapdığı cavabda Şəmsi görürdü. Can iki olsa da, ürək bir idi, İman bir, güman bir, dilək bir idi. Cəbrayıl açmışdı qanadlarını, Onlara ruh verən mələk bir idi. Dünyada nə qədər sirlər açıldı, Çətin sualların tapıldı həlli. Ruminin nəyi var Şəmsə əyandı, Şəmsin nəyi varsa Rumiyə bəlli. Bu görüş duyğular səltənətiydi. Dünyanı yenidən tama gətirdi. O, Şəmsin qəlbinə Mövlana eşqi, Şəms onun ömrünə “Səma” gətirdi.

Tapar bir-birini sevən könüllər, Dünyanın o başı, bu başı yoxdu. İtirən ağlayar, tapan sevinər, Səbəbsiz tökülən göz yaşı yoxdu.

Görən müridləri, tələbələri, Gələn qonaqları donub, mat qalıb. Nə yaxşı bir belə eşqin odunda, Rumi kül olmayıb, salamat qalıb. İlahi, belə də sevmək olarmı, İlahi, belə də duymaq olarmı? Dönüb bir dərvişin divanəsinə, Bir cana bu qədər qıymaq olarmı? Arifin dərdini ariflər bilər, Cahillər nə bilsin nədi bu sevgi. Sözünü oğula, qıza demədi, Sözünü zamana dedi, bu sevgi. Bu sevgi dedi ki, insan oğluna, Dünyada insanlar çox-çox olsa da, Hamı ərən deyil, hamı ər deyil. Nə övlad, nə qadın, nə dost, nə sirdaş, Tanrı varlığına, Allah eşqinə, İlahi hökmünə bərabər deyil. Uca Mövlananın uca taxtına. Gəlmişdi Tanrının elçisi kimi. Enmişdi torpağa ilahi eşqin, Nizamı, sahmanı, ölçüsü kimi. Bir mələk gəlmişdi dərviş donunda, Həqiqət şəklində, ərmiş donunda. Elmə bir aşiqlik gətirmişdi o! Aşiqə sadiqlik gətirmişdi o! Ömrə bir şirinlik gətirmişdi o! Ağla bir dərinlik gətirmişdi o! Səkkiz peyğəmbərin səkkiz sifəti, Sufi ürəyində yer eləmişdi.

Hər biri Allahın nişanəsidi, Şəmsi bir basılmaz ər eləmişdi

Şəms sahib olmuşdu bu sifətlərə, Mövlanam tabeydi həqiqətlərə. Burda comərdlik də, ədalət də var, Səbir də, dözüm də, dəyanət də var. Allahdan bəndəyə göstərilən yol, Bəndədən Allaha işarət də var. Musa geyimindən bir sifət də var, İsanın çıxdığı səyahət də var. Bütün sifətlərin cəmi, hasili, Əxlaq zirvəsində Məhəmməd də var. Uca Mövlananın dərinliyinə, Şəmsin ürəyində bir heyrət də var. Mövlana qəlbində eşqin Şəmsinə, Bir sonu görünməz məhəbbət də var. Ruh-ruha, qan-qana, can-cana bağlı, Canda nələr varsa cahana bağlı. İnsan öyünməsin varidatıyla, Nə varsa xaliqə, cahana bağlı.

SƏMA

Mövlananın dönmək eşqi Şəmsin “Səma”sından gəlir, Duyğuların ucasından, ruhların xasından gəlir. Bircə yerdə tutmur qərar, hey dolanıb dönür insan, Kiminin toyundan gəlir, kiminin yasından gəlir.

Şərqin ən məşhur alimlərindən olan böyük Sufi Bağdatlı Cüneydə görə sufidə 8 peyğəmbərdən 8 nişan olmalıdır.

Ömür bir pərvanə kimi hey dolanır şam başına, Beşikdən başlanan ömrün son səsi “Yasin”dən gəlir. Özbaşına yarpaq düşmür, dönən varsa döndərən var, Dönənlərə dönə-dönə Tanrı gücü göndərən var. Saat dönür Ay başına, ay dolanır il başına, Bülbülə bax, necə coşur, hey dolanır gül başına. Yetmiş yeddi millət olsa tanıyacaq qibləsini, Hamı gəlib dolanacaq sevən bir könül başına. Dünya dönür səs üstündə, dünya dönür ney üstündə, Dolanmayan heç nə yoxdu, yer üstündə, göy üstündə. Analar öz balasına “başına fırlanım” – deyir, Öz ömrünü qurban verib “haqqa qurban canım” – deyir. Ananın öz səması var, balanın da öz səması, Hərəkətdə, dönməkdədir, ruh səması, söz səması. Ölümdən öncə öldürür, bədənlə kəfən göstərir, Neçə məndən keçib-gedir, axırda bir mən göstərir. “Səma”dan başlanan yolun sonu Meraca doğrudur, Hər insanın içindəki Kəbəyə, Haca doğrudur.

Bu elə bir yolçuluq ki, haqqa ibadətdən keçir, Haqqa varan kişilərin yolları Cənnətdən keçir. Orda gözə görünməz qəm, çünki ruh qəmdən yuxarı, Bir aləmdi qalxıb durar iki aləmdən yuxarı. Nə mən varam, nə sən varsan, yer onundu, orda O var! Eşq onundu, od onundu, odda O var, nurda O var! Gülən gözdə, yanan gözdə, sevgilidə, yarda O var! Nəfsi ölü, tamahı yox, peyğəmbərlik zirvəsidir, Məhəmmədlə Həradadır, Musa ilə Turda O var! İsrafil də xəbərdardır Şəms Mövlana səmasından, Qiyamətə qədər gedən səsdə O var, surda O var!

AYRILIQ

Heyif, hər sevginin sonu ayrılıq, Heyif, hər sevincin sonu kədərdir. Bir eşqin yolunda həyatın gedir, Ayılıb görürsən hər şey hədərdir. Bir dosta can deyib, can eşidirsən, Sağa boylananda, sola baxanda, Görürsən düşmənin dağlar qədərdir. İnsafın, imanın itdiyi yerdə, Görürsən şeytandan bir qulluq gəlir,

Ləyaqət meydanı daralan günü, Rəzalət adında çuğulluq gəlir. Uca Fəzlullahı edam etdirən, Hər addım başında pusan çuğulluq. Böyük Nəsimini dar ağacında, Cəllad bıçağıyla kəsən çuğulluq. Qanı torpaq üstə “Ənəlhəq” yazan, Həllacı boğazdan asan çuğulluq. Hamını susduran, sakitləşdirən, Özü ustalıqla susan çuğulluq. Hər yanan işığın zülmətdir sonu, İşıq keçən kimi qaranlıq gəlir. Şeytanın işləri yaxşı gedəndə, Abad könüllərə viranlıq gəlir. Bəzən uzun çəkir dedi-qodular, Bəzən zəlzələtək bir anlıq gəlir. Bədxah var yanında hər xeyirxahın, Hər yaxşı əzabı bir pisdən çəkib. Allaha qalsaydı xoşbəxt olardı, Adəm nə çəkibsə iblisdən çəkib. Müdriklər meydandan çəkilən günü, Ortaya özündən razılar düşür. Pişiklər yeriyir pələngin üstə, Filin arxasınca tazılar düşür. Qısqanclıq nə qədər evlər dağıtdı, Nə qədər saraylar yıxdı paxıllıq. Başda qapaz oldu, ayaqda qandal, Çoxunun sonuna çıxdı paxıllıq. Hiylələr quruldu, torlar toxundu, Quyular qazıldı yaxşılar üçün. Üzə dur, ləkə vur, ev yıx, şər danış, Böhtanlar yazıldı yaxşılar üçün. Nə sakit ruhu var, nə rahat ömrü, Yamanın əlindən yaxşı dad çəkir. Dünyanın nə qədər dərd-azarı var,

Yığır hamısını istedad çəkir. Şəmsin nə xəbəri çöldən, bayırdan, Könül aləminə səyahətdədir. İki can birləşib, bir cana dönüb, Ruhla bədən kimi sıx vəhdətdədir. Onun bir sözü var, bir sifəti var, Nə bilsin ətrafı min sifətdədir. Növbəyə dayanıb qeybət qıranlar, Yaxadan əl çəkmir yaxa cıranlar. Köklə budaq kimi bir doğmalıq var, Kökü budaqlara qısqanır onlar. Közlə ocaq kimi bir istilik var, Közü ocaqlara qısqanır onlar. Nadanlar arifi, xamlar ərmişi, Dayazlar dərini həzm edə bilmir. Şeytan fitvasına könül verənlər, Haqqın işlərini həzm edə bilmir. Gövhərin, incinin qədrini bilməz, Dayaz nə bilsin ki, dərində nə var. Ancaq Leyli bilər Məcnunluq nədir, Ancaq Fərhad duyar Şirində nə var. Nə bilsin Allahı dərk etməyənlər, Haqqın ocağında, pirində nə var. Nə İsa gün görüb, nə də Məhəmməd, Biri çarmıx görüb, biri daşqalaq. Haramı halalın gözünə qatır, Yamandan yaxşıya vurulan calaq. Nuhu, İbrahimi, Musası gəlsə, Dirilib dünyanın İsası gəlsə, İnsanın dünyada iblisdən böyük, Şeytandan amansız bəlası yoxdu. Neçə ki, dünyada şeytan var hələ, Neçə ki, şeytana meydan var hələ, Neçə ki, dincəlmir ara vuranlar, Neçə ki, ayrılmır yara vuranlar,

Neçə ki, dillərdə dedi-qodu var, İblisin hiyləsi, məkrin odu var, Bu gözəl həyatın azad olmağı, Bu qoca dünyanın xilası yoxdur.

Şəms dedi-qodunun hədəfindədi, Qısqanclıq odundan qəlbə kin düşüb. Nifrət yarışında, söz qovğasında, Ortaya birinci Ələddin düşüb. Şəmsi dindirəndə qovrulur içi, Xoş sözü dilinə gətirə bilmir. Xəyanət toxumu düşür qəlbinə, Mərhəmət toxumu bitirə bilmir. Gəlmə bir dərvişin oduna düşüb, Atanın hamıdan aralanması, Ata qəlbindəki biganəlikdən, Oğul ürəyinin yaralanması, Ona ağır gəlir, ona zor gəlir, Ələddin bu işi götürə bilmir. Mövlana çəkilib öz hücrəsinə, Verib ürəyini Şəmsin səsinə, Elə bil soyuyub evdən, eşikdən. Sevdiyi qadından uzağa düşüb, Müdriklər, müridlər hələ bir yana, Doğma övladından uzağa düşüb. Yemək də, içmək də çıxıb yadından, Yeməyin dadından uzağa düşüb.

Kiçik bir dünyanın içindən çıxıb, Böyük bir dünyanın izinə düşüb. Yaradan göndərib səxavətiylə, Bəxtinə Şəms adlı xəzinə düşüb.

Əhvalı dəyişib onu görəndən, Onda bir dəlilik, divanəlik var.

Dünya nemətinə, ada, şöhrətə, Mala, xəzinəyə, mülkə, dövlətə, Onda bir soyuqluq, biganəlik var. Dünya nemətinin keçib yanından, Könül nemətini müqəddəs bilir. Haqqa bağlılığı, eşqə qulluğu, Ruhundan, qəlbindən gələn səs bilir. Didilir ürəyi qəzəbdə, kində, “Ələddin boğulur xiffət içində. Qərib bir dərvişə nə ehtiyac var, Atam ki dünyada hər elmə bələd. Dərvişi görəndən özündə deyil, Ona doğma olub bizə nabələd. Bir ata ürəyi Tanrı qatında, Bir oğul ürəyi dərd, təlaşdadı. Gör dərviş haraya dırmaşıb, çıxıb, Baş ayağa düşüb, ayaq başdadı”. Anlamır atanın ucalığını, Ələddin peşiman, pərişan olub. Dostu düşmən kimi görür gözləri, İşə salmaq üçün bir xəyanəti, Gedib düşmənlərlə barışan olub. Fürsət yoxsulları məqam axtarır, Nifrət qılıncını sıyırmaq üçün. Xainlər güc verir xəyanətinə, Şəmsi Mövlanadan ayırmaq üçün.

Ey Şəmsim, ey Şəmsəddinim! Bu dünya heç dəyişmədi, Yenə azğın tamahların leş dağıdan leyləri var. Dərisinə isti keçməz adamları çox görmüşük, Biganələr aləminin nadanları, keyləri var.

Məhəbbətlə qucaq açan doğma, əziz dünyamızın, Doğmalıqdan uzaq olan nə qədər ögeyləri var. Yandıran da, bişirən də, düşürən də sən özün ol, Yer üzünün gör nə qədər xamları var, çiyləri var. Bu dünyanın hər dərdini ancaq eşqi olan çəkər, Eşqə düşən ürəklərin dil-dil ötən neyləri var.

Nəfsinin nökəri, qulu olanlar, Haqqı unutdular, haqdan azdılar. Zərrəcə Allaha yaxınlaşsalar, Şəmsi Mövlanadan qoparmazdılar.

ÖLMƏDƏN ÖNCƏ ÖLMƏK

Dilimi danışan dillərə, Gözümü baxan gözlərə, Ayağımı yeriyən ayaqlara, Əlimi yaradan əllərə, Qəlbimi xeyirxah əməllərə, Təhvil verib Mənə verilən ömrü Parça-parça, tikə-tikə, Buğum-buğum, damar-damar bölmək istəyirəm, Ölmədən öncə ölmək istəyirəm.

Yerli-yersiz çəkdiyim amanları, ahları,

Doluya da, boşa da tutduğum günahları, Nəfsin toruna düşüb elədiyim işləri, Qumartək alışdığım amansız vərdişləri, Yersiz hərəkətləri, faydasız gərdişləri Məni canavar kimi dağıdan tamahları, Şahmat taxtalarında oynatdığım şahları, Adam yerinə qoyub sürüdüyüm leşləri, Parıltıya aldanıb atdığım şeş-beşləri, Dırnağım boyda olub Məni yerdən oynadan Cütlədiyim zərləri, Ruh adlı, könül adlı Yıxdığım qalaları, yaxdığım şəhərləri, Dərindən dərk edəndə, Özüm öz halıma doyunca ağlamaq, Doyunca gülmək istəyirəm, Ölmədən öncə ölmək istəyirəm.

Töküb yarpaqlarımı payız olmaq istəyirəm, Çəkilib tənhalığa yalqız olmaq istəyirəm. Görüm açılandan sonra solmaq necədir, Görüm gurultusu qulaqbatıran Yığıncaqlardan sonra

Fələklə baş-başa qalmaq necədir. Fələk məni ən ağır dərdə tuş eləsin, Məni içənlər şərab kimi yox, dərd kimi nuş eləsin. Görüm dözə bilərəmmi ən ağır dərdə, Görüm savaş aça bilərəmmi dərd adlı namərdə. Yatıb oyanmaq, Xəstələnib sağalmaq, Ölüb dirilmək istəyirəm. Min dəfə yığılıb, Min dəfə gərilmək istəyirəm. Min dəfə açılıb, Min dəfə solub, Min dəfə bar verib dərilmək istəyirəm. Gedib, bu dünyaya təzədən gəlmək istəyirəm, Ölmədən öncə ölmək istəyirəm.

Ey ulu Mövlana! Səni daha dərindən duymaq üçün, Qara torpağın üstünə Qara başımı rahat qoymaq üçün, Odlu ehtiraslardan qaçıb soyumaq üçün, İlahi duyğuların ipək yumşaqlığında rahat uyumaq üçün, Peyğəmbər buyruğutək,

Ölmədən öncə ölmək istəyirəm. Ölmədən öncə ölmək – Bu uca bəxtəvərlik hamıya qismət olmur. Kimə qismət olursa, O, Allahın yanında heç vaxt xəcalət olmur.

ÖLÜM

Bu nə çox baş aparır, deyək baş aparmasın, Onun bu yolsuz yolu gərək başa varmasın. O buraya gələndən Bir amansız itkiyə ürəyimiz yas tutur, Mövlana söhbətini Bir gün eşitməyəndə, Qəlbi, beyni, ürəyi paxır tutur, pas tutur. O, öz yerini bilmir, Xeyir-şərini bilmir. Gərək ona göstərək birdəfəlik yerini, Bir də bizdən almasın mürşidlərin pirini. Tez itirək işini, Ataq çöl-biyabana quzğun yesin leşini. Dinirik dildən vurur, deyirik sözdən vurur, Ağzımızı açmamış durnanı gözdən vurur.

Dilini dinc saxlamır sözləri çaşbaş vurur, Hər ötənə söz atır, hər yetənə daş vurur. Dərvişin ağlı çaşıb, Allahdan ayrı düşüb Şeytanla qucaqlaşıb. Bəyazit Bistamini peyğəmbərə tay tutur, Nə iş görürsə görsün tutduğunu zay tutur. Mövlana zərif, incə, Başdan-başa düşüncə. O isə tərs, ədabaz, kobud, kəmfürsət, qaba, Bizə elədikləri gəlməz haqqa-hesaba. Könül sultanlarını gədanın biri saymır, Biz lap canı cəhənnəm, heç baş vəziri saymır. O günü mədrəsədə bizi gülünc elədi, Baş vəzirə söz atdı, sözü qılınc elədi. Qurtarmasaq biz onun həcvi-hədyan sözündən, Vəzir-vüzəranın da düşəcəyik gözündən. Səni gözdən salsalar, Dövlət üzünə baxmaz, millət gözünə baxmaz, Şah başını qaldırıb xalqın üzünə baxmaz. Bir gəlmə yabancının qulaq versək dərsinə,

Avand işlərimizi döndərəcək tərsinə. Mövlana o gələndən susa-susa lal olub, Dünən həqiqət idi, bu gün bir xəyal olub. Bəlkə də sehrləyib, sehrbazdı bu dərviş, Bəlkə də şeyximizə, Özünə bağlamaqçün dua yazdı bu dərviş. Əvvəlki Mövlanadan yoxdur əsər-əlamət, Şəmsin ayaq ucunda Bükülür yumaq kimi o boy-buxun, o qamət. Peyğəmbər olsa ayrı, o ki peyğəmbər deyil, Ürəklərə hökmran, ruhlara rəhbər deyil. Mədrəsə Mövlanasız qərib yetim kimidi, Sınıb ürəklərimiz, Qəlbimizin telləri qırılmış sim kimidi. Nə deyir, nə danışır, nədən yazır bu dərviş, Düşünürmü görəsən, Bizi narazı salıb, öz ömrünə-gününə qəbir qazır bu dərviş Çeşmənin nə gücü var hökm edə çaya qarşı, Damlanın nə gücü var dura dəryaya qarşı. Elmdə nəyi çatmır həzrəti Mövlananın,

Ona verib ruhunu, ona tapşırıb canın. Çayxanada bu söhbət, meyxanada bu söhbət, Evdə, çöldə, bayırda, toyxanada bu söhbət. Dönür çərxin gərdişi, tərsə yazır yazılar, Hər yerdə baş-başadır, Mövlanadan küsənlər, Şəmsdən narazılar. Biri deyir asdıraq, biri deyir kəsdirək, Biri deyir qaçmağa, köçməyə tələsdirək. Kimin əlində qılınc, kimin dilində zəhər, Bu yaramaz işlərə Baxır tamaşaçıtək Konya kimi bir şəhər. Şəhərin nə günahı burda şəhər neyləsin, Axşam düşən qaranlıq, aydın səhər neyləsin. Qılınc insan əlində, qisas insan əlində, Xəyanətdən biçilmiş libas insan əlində.

...İşini gördü yağı, Zülmətə döndü birdən Şəmsin nurlu otağı. Üz-üzə dayanıblar, Cəllad yeddi, Şəms tək, Hökmünü verdi fələk.

Nifrət, qisas, intiqam şimşək kimi gurladı, Yeddi cəllad əlində yeddi qılınc parladı. Döndü cəllad başından Şəmsim aman istədi, Bir-iki saatlığa salamat can istədi. İzin ver, Mövlanamla gedim görüşüm, gəlim, Onun ayaqlarına son dəfə düşüm, gəlim. Mən ölümdən qaçmıram, yazan yazıb yazını, Onunla qılmaq istər, könlüm son namazını. Gecə tamam yarıydı, Onu yandırıb-yaxan Ölümün qorxusu yox, eşqin alovlarıydı. Nə desin, necə desin Həzrəti Mövlanaya Qəfil gələn ölümün dəhşətli xəbərini. Tarix min il yazacaq, Yaddaşlara hökm edən bir gecənin şərini. Mövlana öz Şəmsinin Gözlərini qızarmış, rəngini sarı gördü. Onun baxışlarında Solub gedən Günəşi, Sərt bir soyuq gətirən boranı, qarı gördü. Elə ki, Mövlanamız işdən xəbərdar oldu,

Bu gün dünya başına qəfəsdən də dar oldu. Bağrını yardı – Getmə! Ona yalvardı – Getmə! “Mən yetişdim əhdimə, Mən qovuşdum cəddimə. Eşq yolunda ölməyə Acam, ləliyəm dedi. Mən gələndə başımı, Eşqə qurban demişdim, O başı vermək üçün, Mən getməliyəm! – dedi. Mən nə həzrət Osmanam, Nə də Əliyəm – dedi. Onlar da şəhid oldu, Öz eşqinin yolunda, Mən getməliyəm!” – dedi.

Yeddi cəllad önündə məğrur dayandı Şəmsim, Böyük bir həqiqətin oduna yandı Şəmsim. Xəyanətin diliylə sözünü yağı dedi, Şəmsim də son sözünü dərvişsayağı dedi:

Mən gedirəm haqq yolunda, Canım eşqə halal olsun. Harda axdı, kim axıtdı, Qanım eşqə halal olsun.

Cəlaləddin cəlalımdı, Həqiqətim, xəyalımdı.

Allah eşqi halalımdı, Canım eşqə halal olsun. Ulular qədər uluyam, Haqqın yorulmaz quluyam. Günəş ilə dopdoluyam, Şanım eşqə halal olsun.

Sakitliyi, aramı yox, Mövlanasız bayramı yox. Halalı var, haramı yox, Canım eşqə halal olsun.

Kandan məkana doğrudu, Candan bir cana doğrudu. Şəhidlik qana doğrudu, Qanım eşqə halal olsun.

Vurun dedi boynumu! Siz hardan biləsiz nəçiyəm, kiməm dedi, Sizə təslim olmuram, eşqə təsliməm dedi. Qəfil endi qılınclar zərbə dalbadal oldu, Bircə anın içində, Ən böyük bir həqiqət çevrildi xəyal oldu. Allahın kitabından “Şəms” adlanan surəni Şəms oxuya-oxuya, Allahına qovuşdu, Yetdi əbədiyyətə, daldı şirin yuxuya. Təbrizdə doğan Günəş Konyada batdı getdi,

Ən uca, ən müqəddəs məqsədə çatdı getdi. Ey Şəmsim, ey Şəmsəddinim! Allaha layiq bəndəsən, Haqqı uzaqda gəzmədin, aradın daim səndə sən. Ruhun elə havalandı, qəlbin elə qanadlandı, Sığışmadın bir mahala, bir şəhərə, bir kəndə sən. Çox özündən razıların vaxtında verdin dərsini, Çox kəməndə gəlməzləri saldın eşqinlə bəndə sən. Neçə nəsli bizdən əvvəl sənə Mövlanamız dedi: Şəmsim, harda olursan ol, mən səndəyəm, sən məndəsən. Eşqin min ili haqladı, yeri-göyü qucaqladı, Sevgi adlı bir dünyada, könül adlı vətəndəsən.

Ey Şəmsim, ey Şəmsəddinim! Çox əllərlə çox bostanlar daşlanıb. Daş dəyənin yaraları göynəyib, Daş atanlar əməlindən xoxlanıb. Heç görmədim boş ağacı daşlayan, Daşlar ancaq bar verənə tuşlanıb. Cahil olan kotan çəkib ömrünə, Arif olan torpaq kimi xışlanıb. Yer üzündə qan axıtmaq söhbəti, Bu dünyanın Habilindən, Qabilindən başlanıb.

ŞAİRİM, ŞƏHİDİM – ŞƏMSİM

Şəhid peyğəmbəri, şəhid imamı, Şəhid şairləri çoxdu dünyanın. Şair qanı ilə suvarılmayan, Bir qarış torpağı yoxdu dünyanın.

Gətir xəyalına Mənsur Həllacı, Həq məndə var olub, mənəm həq dedi. Başı bədənindən ayrılanda da, “Ənəlhəq” söylədi, ənəlhəq dedi.

Tökdülər Tanrını görən gözləri, Bəbəklər oyuldu həqiqət üstə. Allahı insana endirdiyindən, Dahilər soyuldu məhəbbət üstə.

Düz dedi, sərt dindi, açıq danışdı, Heyif ki, haqq səsə qulaq kar oldu. Başkəsən cəlladlar tarixlər boyu, Şair dərisinə həvəskar oldu.

Dilini ağzında dustaq eləməz, Şair içəridən azad olanda. Eşşək bağlananda atın yerinə, Ürəklər dağlayan fəryad olanda.

Bayrama çevrilər doğum günləri, Ölümü dünyanı batırar yasa. Qəbir evində də rahat yatamaz, Böyük yalanları o, susdurmasa!

Ariflər, aqillər ölür söz üçün, Şairi nadanın gözü götürmür. Dağları çiynində götürür şair, Yalandan deyilən sözü götürmür.

Təpədən-dırnağa eşq adamıdır, Nəyi danışırsa, ürəkdən deyir. Kişisən üz-üzə, döş-döşə dayan, Saplama bıçağı kürəkdən deyir.

Dahilər həmişə haqqa güvənib, Satdıran olmayıb, satan olmayıb. Bir xalqın səsini batıran olub, Şairin səsinə batan olmayıb.

Dağlardan güc alan arxa, dayağı, Sellərdən güc alan əzələsi var. Nahaqqın daşını daş üstə qoymaz, İçində tufanı, zəlzələsi var.

Bir də danışmasın, dinməsin deyə, Dilindən vurulur haqq şairləri. Vuran qılıncını sərrast endirir, Belindən vurulur haqq şairləri.

Harda susduruldu, nə vaxt vuruldu, Tarix o günlərdən xəcalət çəkir. Şairin üstünə əl qaldıranın, Adının üstündən qara xətt çəkir.

Zaman güvənməsin zora, silaha, Güc nə vəzirində, nə şahındadı. Dar gündə millətlə yan-yana durar, Şairlər Allahın dərgahındadı.

Amansız olanda şairə qarşı, Zaman söz adında toxum əkmədi. Şairin üzünə şilləni çəkdi, Şairin başına sığal çəkmədi.

Şairi şairtək kim yaşatdısa, Ona zaman-zaman rəhmət dedilər. Şairi nahaqdan kim öldürdüsə, Ölüb qalanına lənət dedilər.

Şairi yaşatmaq baş ucalığı, Şərəfdi tarixi yaşatmaq qədər. Şairi öldürmək ağır günahdı, Ağırdı Allaha daş atmaq qədər.

Sal qayalar kimi dönməz inamı, Dağa hökm eləyən inadı vardı. Təkcə yeriməyə ayaqları yox, Uzaq uçuşlara qanadı vardı.

Dolaşdı Bağdadı, Şamı, Hələbi, Bəlxi, Ərzurumu, Sivası gəzdi. Elə Allah dedi, Allah eşitdi, Başında bu eşqin havası gəzdi.

Quran yaddaşında, Tanrı ruhunda, Heç yerdə papağı günə vermədi. Öyrənə-öyrənə öyrədən oldu, Boş-boş söhbətlərə çənə vermədi.

O, Allah hökmündə görüb insanı, Oğulsan var elə yoxu, deyirdi. Hikmət kitabları oxumaq azdı, Özünü kitabtək oxu, deyirdi.

Elə Şəmsin özüdü, Ərdi, ərəndi sufi. Könül bağçalarından, Güllər dərəndi sufi.

Uzaq yolları ilə, Qeyli-qalları ilə, Hər cür halları ilə, Haqqı görəndi sufi.

Əvvəli haqq, sonu haqq, Həmi yağdı, həm çıraq. Qəbrə girməzdən qabaq, Qəlbə girəndi sufi.

Sufi külək kimi əsir, sovurur, Külü dağıtsa da közü dirildir. Alim şəhidliyi elmə nur saçır, Şair şəhidliyi sözü dirildir.

Uca peyğəmbərlə, mələklə birgə, Haqqın dərgahına gəlmək öyrədir. Şəhidlik əbədi yaşamaq verir, Şəhidlik adama ölmək öyrədir.

Allahdan icazə, izin olmasa, Sən yolu seçsən də, yol səni seçməz. Allahın yanında üzün olmasa, İmza təsdiqləməz, qol səni seçməz.

O haqqa qovuşan haqq aşiqiydi, Bir sevgi şahının quluna döndü. Özü şəhidliyin zirvəsindədi, Yolu aşiqlərin yoluna döndü.

DİNLƏ NEYİ

Haqdan başqa nə varsa, Qəlbindən, ürəyindən at hər şeyi dedilər, Qeybdən bir səs gəlir, dinlə, neyi dedilər. İlahiyə bağlanan könül bağınla dinlə, Bütün hissiyyatınla, can qulağınla dinlə. Tabe oldu bu əmrə, dinlədikcə dinlədi, Bu səsin alovunda, Sızladıqca sızladı, inlədikcə inlədi. Yetərincə qulaq asdı, Gördü neydə iç dillənir, gördü neydə çöl danışır. Qırçın sular sığallanır, ləpə dinir, göl danışır. Gördü boyu bircə qarış, Ancaq səsi haqqa varış, Baş kəsilib, dil danışır. Kəsilib ayağı-başı, Özü çöptək qurusa da, qurumur gözünün yaşı. Asta-asta dilləndikcə həzin səslər, Sanki bir-bir dirilirdi müqəddəslər. Tapdı şirin həmsöhbəti o meylini neyə verdi, Neyin səsi gedib çatan yerə verdi, göyə verdi.

O düşündü öz-özünə bu yanmaqla ney nə deyir, Bəlkə elə insanlara, Mənim kimi alış deyir, mənim kimi göynə deyir. Hər qulağın işi deyil o səsləri tuta bilə, O səslərin yetişdiyi ucalığa çata bilə. Hər gözlünün işi deyil, O səsdəki mənzərəni görə bilə, Hər ürəyin işi deyil, O səsdəki mətləblərin dünyasına girə bilə. Könül gözü olan kəslər, Ayrılıqdan şikayəti neydə görür, Neçə qəmli hekayəti neydə görür. Mövlananın ürəyitək ürək gərək, Tuta səsin dediyini, İsti əlin, od nəfəsin dediyini. Mövlananın naxışıtək Tanrıdan bir naxış gərək, Baxışıtək baxış gərək. Qamışlıqda neyi görə, ney içində səsi görə, O səsdəki, nəfəsdəki zili görə, pəsi görə. Ancaq onda bilər insan: Ürəkləri yaxan bu ney kimdən deyir, nədən deyir, O səs bütün varlığıyla “Vətən!” – deyir, “Vətən!” – deyir.

Bir ney üçün Vətən nədir? Qamışlığın içindəki bir neyistan, Neyistanın yaratdığı qəmli dastan. Vətənindən ayrılmasa ağlamazdı, İnsanların ürəyinə dağlar çəkib dağlamazdı. Qamışlığın arasında azad idi, rahat idi, Orda keçib-gedən günlər, Ən gözəl bir həyat idi! Mən o səsi dərk edəndə başa düşdüm, Neyin səsi qürbət elə düşənlərin harayıdı. Ürəyini Vətən dərdi deşənlərin harayıdı, Gözü yolda qalanların harayıdı, Yeri-yurdu talanların harayıdı.

Mövlanadan soruşdum ki, cavab ver, ey həzrəti pir, Nə danışır, nə söyləyir, hansı məqam üstədi ney.

Nə zamandan əsir oldun başı kəsik bir qarğıya, Səni niyə xəstə salıb, bəlkə, özü xəstədi ney.

Sual dildən çıxan kimi ustaddan bir cavab gəldi, Dedi, oğul, mənlik deyil, haqdan gələn bəsdədi ney.

Onu başı kəsilmişlər, bağrı yananlar ağladıb, Ona görə qan-yaş tökür, hər yaralı kəsdədi ney.

Siz onda heç haray-həşir, qışqır-bağır gördünüzmü, Öz dərdini özü çəkir, qəm kökündə, pəsdədi ney.

Hər gün dərdi olanların dərdi üstə dərd gətirər, Yavaş-yavaş keçir cana, ağırdı, ahəstədi ney.

Başı kəsik, bağrı ləlik, sinə dərddən dəlik-dəlik, Vətənindən ayrı düşüb qəmli bir qəfəsdədi ney.

Daşıdığı dərd ağrısı, çəkdiyi insan yüküdü, Hər alışıb-yanan canda, hər isti nəfəsdədi ney.

Şəmsi soruş ağlayacaq, Mövlana de çağlayacaq, Yandırmağın ustadıdı, yanmağa həvəsdədi ney.

Fikri başda nura dönüb, saçlarına dən gətirib, Zəmiləri dalğalanıb, sünbülləri dən gətirib.

Varlığını pak Quranın yeddi qatından keçirib, Öz gücünü, qüdrətini əlifdən-beydən gətirib.

Ona quşlar qanadında nurlu kəlamlar daşıyıb, Necə mələk peyğəmbərə ayəni göydən gətirib.

Kimi saza, kimi tara, kimi rübaba bağlanıb, O ruhunu neydə tapıb, onunku neydən gətirib.

Ulu Mövlana kimi günlərin bir günündə mən də bu səsin sehrinə düşdüm. Əvvəlcə neyi əlimə götürdüm. Baxdıqca baxdım, düşündükcə düşündüm. Adi bir qamış parçası nələr deyir, İlahi! Bizim bilmədiyimiz nə qədər sirr yatır bu çöl bitkisinin canında. O neyi mən də çal- dım, ancaq Mövlana kimi çala bilmədim. O neyi mən də dinlədim, ancaq Mövlana kimi dinləyə bilmədim. Nə çaldım, nə inlədim, nə eşitdimsə ancaq Mövlananı gör- düm, Mövlananı duydum, Mövlananı eşitdim. Bir az Mövlanaya, bir az da Şəmsə yaxınlaşmaq üçün Allahdan güc-qüvvət istədim. Neyi çala-çala mən də öz dilimdə neyin nəğməsini oxumağa başladım.

Yenə qalxıb, dağa-daşa ün salıb, Çubuq neydi, qamış neydi, qarğı ney. Xəstələrin yarasını sağaldar, Dərman neydi, məlhəm neydi, sarğı ney.

Talan olmuş yurd-yuvadan danışır, Havalanıb hər havadan danışır.

Gah Adəmdən, gah Həvvadan danışır, Söhbət neydi, sual neydi, sorğu ney.

Qaynağıdı gözdən axan yaşların, Sərtliyini yumşaldandı daşların. Sirdaşıdı budaqların, quşların, Bülbül neydi, qumru neydi, qırğı ney.

Ruhdu, səsdi könüllərin dirəyi, Hasil olmaz ruhsuzların diləyi. Aşiqlərin köz-köz olan ürəyi, Ruhu neydi, qəlbi neydi, bağrı ney.

Tüstülənən ocaqların közüdü, Mövlananın səsə dönmüş sözüdü. Başı kəsik, bəlkə, dünya özüdü, Hicran neydi, azar neydi, ağrı ney.

Ney deyir ki, məclisə gəl, Susaq, dindirək dünyanı. Yavaş-yavaş içimizə, Sinək, sindirək dünyanı.

Nur geyinək əynimizə, Eşqi düşsün beynimizə. Yeri alaq çiynimizə, Göydən endirək dünyanı.

Dizimizin heyi ilə, Haqqın yeri-göyü ilə, Mövlananın neyi ilə, Dönək, döndərək dünyanı.

NEY BİZƏ DEYİR Kİ...

Ney bizə deyir ki, harama qaçma, Tapşır başdan-başa halala ömrü. Mülk çoxdan verilib Tanrıdan sənə, Tapşırma nə mülkə, nə mala ömrü.

İblisə uyanın işləri yaşdı, Hər addım başında büdrədi, çaşdı. Hər kəs özü üçün heykəltəraşdı, Özün öz ruhunla cilala ömrü.

Ney bizə deyir ki, bar ağacıtək, Kökünü, gövdəni çiçəklərə ver. Meyvə ləzzətini, çiçək ətrini, Apar sevgi dolu ürəklərə ver.

Qoy o ürəklərə dolan sevgilər, Budaqdan sallanan bar dadı versin. Tanrı sevənlərə, sevilənlərə, Çiçək təravəti, yar dadı versin.

Ney bizə deyir ki, haqqa güvənin, Haqqa qovuşmağa üzünüz olsun. Ürəkdən deməkçün deyilənləri, Ariflər yanında üzün üz olsun.

Axsın mərhəmətdən gözdə yaşınız, Ensin həqiqətə uca başınız. Şeytana atmağa əldə daşınız, Allaha deməyə sözünüz olsun.

Ney bizə deyir ki, ehtiyatlı ol, Şəkərin içində zəhər gizlənib. Soldurma ümidi, qırma diləyi, Gecənin qoynunda səhər gizlənib.

Ümid qəlbin nuru, başın tacıdı, Bəşərin əbədi ehtiyacıdı. Baharı gözləyən bar ağacıdı, Toxumun bətnində bəhər gizlənib.

Ney bizə deyir ki, görünməz sözü, Sevdiyin insanın dodağında gör. Qəlbin eşitməsə neyin səsini, Günahı neydə yox, qulağında gör.

Bir ruh var, bir səs var hər incə şeydə, Nəfəsi uddadı, naləsi neydə. Sən Ayı, Günəşi axtarma göydə, Haqqın iman adlı çırağında gör.

Ney bizə deyir ki, öldür nəfsini, Müdriklər həmişə tamahdan qaçır. İtirər isməti, atar həyanı. Tamahdan qaçmayan, Allahdan qaçar.

Yollar çətin olar, buz qara çıxar, Qaranlıq ürəkdən söz qara çıxar. Sabahın yanında üz yara çıxar, Bu günü olmayan sabahdan qaçar.

Ney bizə deyir ki, yamanlıq ölsün, Yaxşılıq hər yerdə yarışa gəlsin. Dünyanın ən alçaq düşməni belə, Həqiqət naminə barışa gəlsin.

Ucadan uca var, böyükdən böyük, Yekələr, harınlar yekələnməsin. Bəşər övladının qəlbi, ürəyi, Təkəbbür kiriylə ləkələnməsin.

Ney bizə deyir ki, vay o kəslərə, Onu Yaradanın gözündən düşə. Xata öz başına dilindən gələ, Nə dərdə düşəndə özündən düşə.

Ona yer üzünün əşrəfi dedik, Aqildi, dahidi, dühadı insan. O gərək özünü ucuz tutmasın, Dünyada hər şeydən bahadı insan.

Ney bizə deyir ki, adildi Allah, Heç kəslə bir qəsdi-qərəzi yoxdu. Onun məhəbbəti özü boydadı, Çəkməyə bir ölçü, tərəzi yoxdu.

Qəzəbi qəlbindən kənara qoymur, Şeytan nifrət adlı silah saxlayır. Dağılıb gedərdi bu dünya çoxdan, Onu dağılmaqdan Allah saxlayır.

Ney bizə deyir ki, heyifdir insan, Onu şüşə kimi sındırmasınlar. Cənnət sevgisiylə yanan kəsləri, Cəhənnəm odunda yandırmasınlar.

İnsanın tək bircə xilas yolu var, Hər gün təmizlənib durulmaq yolu. Unudub özünə vurğunluğunu, Yalnız Allahına vurulmaq yolu.

Ney bizə deyir ki, çaşma hesabda, Xeyri də, şəri də yazan mələk var. Günahı, savabı, yaxşını, pisi, Yerbəyer eləyən çərxi-fələk var.

Kin adlı düşmən var, səbr adlı dost var, Səbrini əzizlə, kini at yaşa. Qəzəb zülmətində çürütmə ömrü, Vicdan işığında salamat yaşa!

MÖVLANALIQ

Cahillər onu da başa düşmədi, Şəmsini əlindən aldılar onun. Rəzillik, xəbislik, paxıllıq, həsəd, Qəlbini daşlara çaldılar onun.

Şairi anlamaz hər yoldan ötən, Mövlana qədrini Keyqubad bilər. Şahlıq məqamına, sultan taxtına, Onun hər sözünü qol-qanad bilər.

Tarixdə birinin adı qalmayıb, Hanı şər danışıb böhtan yazanlar. Dirilik rəmzidi onun varlığı, Öldü Mövlanaya qəbir qazanlar.

İkinci Kəbəyə dönüb türbəsi, İnsan axınına Konya dar gəlir. Gecəli, gündüzlü kəsilmir ara, Gündə ziyarətə min zəvvar gəlir.

Özünü yormasın naşı bəndələr, Allah qaldıranı bəndə yıxammaz. Şair bostanına kim daş atdısa, Tutduğu günahın altdan çıxammaz.

Xalqına doğmadı şair olanlar, Doğma unudulmaz, yaddan yad çıxar.

İmansız, amansız çaxnaşmalardan, Yenə sağ-salamat istedad çıxar.

Çiçəkdən zərifdi şair ürəyi, Nə qəlbi incidər, nə zəhmət verər. İnsana doğmalıq, haqqa bağlılıq, Şair varlığına əzəmət verər.

Nə ordu, nə silah, nə bir qəhrəman, Sözün gücü qədər sərhədlər aşmır. Dünyanın işləri çətin olacaq, Dünya nə qədər ki, Mövlanalaşmır!

Dünya yaxşı görür xalqı yaşadan, Nə zərli taxt olub, nə tac olacaq. Dünya dolanacaq sözün başına, Tarix şairlərə möhtac olacaq!

Şair taleyini bir ağac kimi, Kim kəsir, doğrayır, kim calaq vurur. Allahın dostuna qalxır əlləri, Hərə bir tərəfdən badalaq vurur.

Duyğular üşüyür, təfəkkür donur, Ruhlara qar yağıb, sazaq düşəndə. Cəmiyyət tutulur soyuqdəyməyə, Sözün istisindən uzaq düşəndə.

Verən də özüdü, alan da özü, Xalqa şah damardan yaxın xalıq var. Hər şair özünü tanıya bilsə, Hər kəsdə bir cürə Mövlanalıq var.

MÖVLANA SÖHBƏTDƏDİR

Gövhərtaş mədrəsəsi qaynayır ocaq kimi, Könüllərdə duyğular çağlayır bulaq kimi. İrfanın işığında, imanın havasında, Baxışlarda arzular alışır çıraq kimi. Havalı dəniz kimi hey qabarır, çəkilir, Mürşidlərin dalğası, heyranların axını. Lap uzaqdan gələn var, lap yaxından olan var, Allaha məhəbbətin nə uzağı, yaxını? Mövlananın gur eşqi seltək aşıb-daşırdı, Uzaqlar yaxınlaşır, yadlar doğmalaşırdı. Ana öz balasını yanına çəkən kimi, Torpaq yağan yağışı canına çəkən kimi. Hamını Mövlananın cazibəsi çəkirdi, Onun müdrik kəlamı, şirin səsi çəkirdi.

Lal kəsilib daş-divar, sükutdadır hər nə var, Bu sükutdan səs alıb, Mürşidin sinəsində daşdı dövlət, daşdı var.

Bu sevginin sirləri ilahi qüdrətdədir. Düşünür, düşündürür Mövlana söhbətdədir. Qəlbi, ruhu zikrdə, beyni, başı fikirdə, dili, ağzı şükürdə, Qəlbə, beynə, ağıla, ürəyə xidmətdədir. Yaraşır, yaraşdırır, Mövlana söhbətdədir.

Haqqı özündə ara, öz içində tap deyir, Bu yolda hər əngəli külüngünlə çap deyir. Qurandı, Qurandadı hər şeyə cavab deyir, Dünyanı heyran qoyan Qurana heyrətdədir, Heyranların önündə Mövlana söhbətdədir.

Qəlb evinə nur saçan bir həyatdan danışır, Yeddi qatda dayanmır, yetmiş qatdan danışır. Zərrənin içindəki kainatdan danışır, Ulu bir mərtəbədə, ulu bir niyyətdədir, Sevdirir, sevindirir, Mövlana söhbətdədir.

MÖVLANA YOLU

Duru bir axara qaytarır bizi, Əvvəldən axıra qaytarır bizi, Ona yetişən yol, ondan keçən yol. Onu səhralarda axtarmayın siz, Onu dəryalarda axtarmayın siz, Qəlbin içindədi qəlbə köçən yol.

Bircə damlasına dərya sığışan, Bu yolun çayları, dənizləri var. Heç vaxt bulanmayan axar-baxarı, Dumduru, tərtəmiz kəhrizləri var.

Bu yola çıxanın yoxdu dincliyi, Ruhu torpaqdadı, əli xışdadı. Dünəndən sabaha, əvvəldən sona, Gecəli-gündüzlü axtarışdadı.

Bu yolun ucundan tutub gedirəm, Səsdən qüdrətli sükuta doğru. Bu yolda ölümsüz duyğular yaşar, Yol yoxdu ölümə, tabuta doğru.

Bu yol sınağından sağlam çıxanlar, Sufiyə çevrilər, saf olar gedər. Elə bir ucalıq tapar ki, onu, Dağ kimi yüksəlib Qaf olar gedər.

Allaha bağlıdı təkliyin adı, Allahdan aşağı bir təklik də var. İnsan ürəyində, insan ruhunda, Allah ucalıqda yüksəklik də var.

Qorxu yox bu yolun yolçularına, Dənizin üstüylə yeriyər, batmaz. İncitməz ruhunu qarışqanın da, Könül sahibləri könül qanatmaz.

Bu yola qovuşmur hər yoldan ötən, Bu yolun seçilmiş elçiləri var. Girişdən çıxışa ulu dərgahın, Dəqiq nizamları, ölçüləri var.

Məndən əsirgəmə bu yolçuluğu, Allahım, bədən yox, ruh elə məni Peyğəmbər nurunu çilə üstümə, Qaytar Adəm elə, Nuh elə məni.

İnsan ucalıqdı, insan uludu, İçi də, çölü də nurla doludu. Heç kəs deməsin ki, nəfsin quludu, Nəfsimin yolunda şah elə məni.

Qır mənim dünyayla bu bağlarımı, Allahım, çək məni özünə bağla. Bulanmış suyumun damarını kəs, İrfan bulağının gözünə bağla.

Gör mənə nə qədər badalaq gəlib, Nəfsimə qəzəbim, hiddətim artır. Əbədi şöhrəti dərk elədikcə, Ötəri şöhrətə nifrətim artır.

Ayır varlığımı bu varidatdan, Öldür şöhrətimi, itir adımı. Öldürmə, öldürmə, öldürmə, Allah, Ruh kimi yaşamaq istedadımı.

Al mənim əlimdən varidatımı, Çiynimdə suç adlı yüküm olmasın. Elə yüngülləşim, elə paklaşım, Çəkmək istəsələr, çəkim olmasın.

Sən mənə yük vermə dünya adında, Varlıqda yox olmaq istedadı ver. Mənəvi acların dostuna döndər, Tamahdan tox olmaq istedadı ver.

Kafir olmuşamsa müslüm olaram, Qalib olmuşamsa təslim olaram. Böyük həqiqəti dərk elədikcə, Özümə çevrilər, əslim olaram.

Nə ki, bu dünyada var oldum yetər, O böyük varlıqda yox elə məni. Yoxluqda var olmaq səadətimmiş, Nəfsimin gözünə ox elə məni.

Olumda nə varsa, ölümə məhkum, “Ölüm”də nə gözəl “olum” var imiş. Mənasız yollarda yordum özümü, Tanrıya aparan yolum var imiş.

Bəzəksiz-düzəksiz həqiqət yolu, Bu yol Mövlananın keçdiyi yoldu. Əfqandan baş alıb Anadoluya, Konyada səmtini seçdiyi yoldu.

Bir illik, yüz illik, min illik deyil, Bu yol bir zamansız zaman yoludu. Torpaqdan günəşə, günəşdən yerə, İnsaf körpüsüdü, iman yoludu.

Nura bələməkçün yerin üzünü, Göyün üzündəki Samanyoludu. Damlanın çiçəyə, şehin çəmənə, Duyğunun ürəyə daman yoludu.

Arifin ruhudu, alimin nuru, Tanrıya yol alıb bu cənnət yolu. Yoluna, izinə qovuşdur ömrü, Onsuz nə sənət var, nə sənət yolu.

Allahım, yolumu açıq elə sən, Əqidə sarsılıb, inam itməsin. Ondadı ruhumun əbədiyyəti, Ömür-gün bitsə də, bu yol bitməsin.

Min il at sürsə də bu yer üzündə, Başa çatdırammaz çapar bu yolu. Ey ulu Mövlana, dadıma sən çat, Qəlbimdən Rəbbimə apar bu yolu.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.