Əsas məzmuna keç

Müxəmməs

Mollalar

Aşıq Ələsgər

1

Göyçəyə məlum olsun, Yıxıb İranı mollalar. Millətə göz açmağa Vermir amanı mollalar. Fəxr ilə libas geyir, Artırır şanı mollalar. Yemə fağırın malını, Yolunu tanı, mollalar! Müztərə zülm eləyən Haqdan utanı, mollalar!

İrandan adlıyan molla Avam tapıb göyçəlini; Adını binamaz qoyur, Kəsir kasıbın əlini; İrzini halal bilir, Qəzaynan yeyir malını; Uzadır vələzzalini, Qarışdırıb əhvalını; Boylana-boylana qalır Bizim ruhanı mollalar.

Ağılsız arvadları Gör nə ilə fəndə salır; ………………………… ………………………… Şeytana tabe olub, Onçu molla gec qocalır; Harda bir vay eşitsə, Quzğun kimi qanad çalır; Dağıdır, viran qoyur, Salır tufanı mollalar.

Harda bir gözəl görsə, Dostluq qatır, yol eləyir; Telindən cadu yazır, Tez özünə mal eləyir; Yığılır qarğa kimi, Bir-biriynən qal eyləyir, Həmdini dürüst bilmir, İrvəni halal eləyir; Yalansa, sizə xəsm olsun Haqqın Quranı, mollalar!

Yazı yazıb oda salma, İrəhmin gəlsin yazıya; Şövqdən çörək yemir, Nəzilib, dönüb tazıya; Sizi bu kefdə qoymazdım, Qurban olasız qazıya; Aşıq ilə bacarmazsız Qoymayın bazı-bazıya; Açmıram çox işinizi, Bular dünyanı, mollalar!

Aşıq Ələsgər bilir, Heç kəs bilməz bu hesabı; Eşidin, ay camaat! Olmayın onlara tabı! Bayquşdu, harya qonsa, Kəsilməz vay inqilabı. Sünni, şiyə, mütəşərri, Hənəfi, həmmalı, babı; Hansı məzhəb buyurur ki, ............................mollalar.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.