MİSKİN DÜNYADAN ŞİKAYƏT
Cahan mülkündə zər müşkülgüşadır, Nə mətləb istəsən ondan rəvadır. Əgər bir kəsdə olsa mali-dünya, Təmamən xəlq oniylə aşinadır. Gədani zər qılır aləmdə sultan, Əgər sultan ola bizər, gədadır. Bu söz şərən əgər küfr olmasaydı, Deyərdim filhəqiqət zər xudadır. Desəm, gər qaziyül-hacat, həqdir, Desəm, gər kaşifül-qəmdir, rəvadır. Mühafillər içində əğniyanın, Kəlamı san kəlami-övliyadır. Əgər bir kəs mənimtək olsa müflis, Kəlamı kizbdir, qövlü xətadır. Könül, qəm çəkmə müflislər pənahi Vəliyyül-həqq Əliyyül-Mürtəzadır. Vəsiyyi-Əhmədi-mürsəl ki, zati Haman məmsusi-zati-kibriyadır. Onun vəssafi-zati-bimisalı Hamı Quran, nə tənha «Hələtadır». Fütüvvət kişvərinin padşahı Bilir aləm ki, «Şahi-lafətadır». O əllər kim ki tutmaz damənindən, Könül, dusti-Əli, dusti-xudadır: Fəda ol dəstə kim, Mərhəbfikəndir, Fəda ol şəstə kim, Xeybərgüşadır. Əlidir caili-ərzü səmavat, Əli xəllaqi-yeksər masəvadır. O əldən tinəti-Adəm müxəmmər, O yüzdən mahi-gərdün biziyadır. Əlidəndir vücudi-küll mövcud, Əli bənna, Əli dəhrə binadır. Özü məxluqdur, əmma o sərvər Həman xəllaqi-ərzü həm səmadır. Qəsimi-cənnətü duzəxdir ol şəh, Şəfii-ərseyi-ruzi-cəzadır. Yetiş fəryadinə, ya şahi-Xeybər – Ki, Seyyid bir qulami-rusiyadır!