Min gülün içində
Bu vətən güllərin cənnət bağçası, Min gülün içində bir gülü mənəm. Rəngi saralmayan, ətri solmayan, Nəfəsi nur saçan tər gülü mənəm.
Qurulub ruhumun binası sözdən, Vurulub daşımın xınası sözdən, Yapılıb şeirimin cinası sözdən, Qalası qüdrətdən hörgülü mənəm.
Canın içindəki təni göstərin, Torpağı, toxumu, dəni göstərin. Havalı desələr, məni göstərin, Vergili desələr, vergili mənəm.