Millətin xilas yolu
Yenə qəlbimdə vulkan, yenə içimdə tufan, Yenə qanımda atəş, yenə ruhumda üsyan, Yenə canımda ağrı, yenə başımda duman, Ağrılar gözümüzdən ələnən yaşdan keçir, Millətin xilas yolu bu gün savaşdan keçir.
Düzlərdə büdrəyərsən, sıldırımlar aşmasan, Səni milçəklər yeyər, qaynamasan, daşmasan. Torpaqdan vətən olmaz, uğrunda savaşmasan. Baxma ki, yollarımız boranlı qışdan keçir, Millətin xilas yolu bu gün savaşdan keçir.
“Sən”, “mən” arxada qalsın, bu gün “biz” olmalıyıq, Dəmir yumruq, daş bilək, qaya, diz olmalıyıq, Dalğası şahə qalxan bir dəniz olmalıyıq. Gücümüz birləşəndə sözümüz daşdan keçir, Millətin xilas yolu bu gün savaşdan keçir.
Dağ-dağ olur ürəklər, dönür sızlayan neyə, Dərdimiz dalğa-dalğa yüksəlir yerdən göyə. Bircə qarış torpağı ələ keçməsin deyə, İgidlər candan keçir, şəhidlər başdan keçir, Millətin xilas yolu bu gün savaşdan keçir.
Ruh gedir, həvəs gedir, yaddaş gedir, dil gedir, Torpaq eldən gedirsə, dörd əlvan fəsil gedir. Zaman da baxmır sözə, il dalınca il gedir. Biz də ki qocalırıq, yaş gəlib yaşdan keçir. Çatıb həqiqətinə haqqını almaq üçün, Düşmənin bayrağını ayağa salmaq üçün, Qalibiyyət hayqırıb, qələbə çalmaq üçün, Millətin xilas yolu bu gün savaşdan keçir.