Millət vəkilinə
Bu gün sənin eşqinə açılıb doğan səhər, Bu gün səndən danışır oba, oymaq, kənd, şəhər. Yolun çətin olsa da, yükün ağır olsa da, Çətinliklər önündə səni sıxmasın qəhər. Enişləri enməyə, yoxuşları çıxmağa, Yolların sinəsində şimşək kimi çaxmağa, Hazırdı qulluğunda qızıl yallı bir kəhər, Sənə meydan verdilər, dördnala çap atını! Arxasıza arxa dur, kölgəsizə kölgə ol, Toxunulmaz ərazim, topdağıtmaz ölkəm ol. Qalxanda qasırğalar, çaxnaşanda buludlar, Qaya kimi sal dayan, palıd kimi möhkəm ol, Dalğalara döş vuran qayalı sahil kimi, Tufanlar qarşısında sarsılmaz ol, ötkəm ol. Uçrumların sərtliyi qırmasın inadını, Göylərin ənginliyi yormasın qanadını, Sənə qanad verdilər, yar göylərin qatını!
Hər kimdə sənə qarşı tərəddüd var, bəlkə var, Hər kimdə sənə qarşı çaşqınlıq, səksəkə var, Kimin dilində böhtan, əllərində ləkə var, Kim halaldan uzaqdır, kimdə haram tikə var, Göstər ona həddini, Hər kimdə bu millətə zərrəcə təhlükə var, Göstər ona həddini, əy alçağın qəddini, Bildir ona yaxşının-yamanın sərhəddini, Zatıqırıq kəslərə yaxşı tanıt zatını!
Təmizlənsin şübhələr, doğru çıxsın gümanlar, Vətənin göylərindən qoy çəkilsin dumanlar. Uçsun sevincə doğru qəm gölünə cumanlar, Səndən bir dərya görsün bircə damla umanlar. Kor olsun həqiqətə gözlərini yumanlar. Köçkün, qaçqın, didərgin, şəhid, şikəst, xəstəhal, Sən də duya bilməsən, bu milləti kim anlar? Sənə diqqət verdilər, duy xalqın həyatını!
Solan qızılgül olmaq sənin bəxtinə düşdü, Pörşələnmiş dil olmaq sənin bəxtinə düşdü, Yana-yana kül olmaq sənin bəxtinə düşdü. Yeddiillik davanın sonu görünmür hələ, Şikəst olmaq, şil olmaq sənin bəxtinə düşdü. Anam Azərbaycanın gör nə qədər dərdi var, Hamısına yol olmaq sənin bəxtinə düşdü. Unutma ki, bu torpaq damar-damar sızladı, Unutma heç bir zaman Xocalını, Xatını!
Ancaq haqqa arxalan, haqqa söykə arxanı, Mübarizə sevərmi döyüşlərdən qorxanı? Qəfil bir zərbəsiylə ensə şərin qılıncı, Titrəməsin əlində həqiqətin qalxanı! İsmətini, haqqını qoruya bilməyən xalq, Dərddən göz aça bilməz, qan gölündə çalxanı. Deməsinlər “Millətin dərdini çəkənmi var, Hər kəs özü üçündür, millət hanı, xalq hanı?” Möhləti verən Allah səni sınağa çəkir, Sənə fürsət verdilər, qazan mükafatını!
Özünü görmək üçün Şimala bax, Şərqə bax, Damla ilə dəryanın arasında fərqə bax. Böyüklük nurlandırır bu boyda Kainatı, Günəşin varlığında işığa bax, bərqə bax. Kimlər qalıb arxada, kim kimdən qabaqdadır, Nəslə, soya, millətə, rəngə, ada, irqə bax. Dərindən bir nəzər sal dədələr keçən yola, Qollarınla qucaqla Doğu ilə Batını! İyirminci yüz ilə beş-on addım yol qalıb, Hara gedir bu millət? – Hesabat ver özünə! Həsrətli ellərimdə “kim qırılıb, kim qalıb”, Bitəcəkmi bu həsrət? – Hesabat ver özünə! Qaçqınların hesabı gəldi milyonu keçdi, Qalacaqmı bu töhmət? – Hesabat ver özünə! Millət yanıb qovrulur təmiz su həsrətində, Su zəhərdi, ya şərbət? – Hesabat ver özünə! “Qürbətdə deyirdin ki, Zülali, vətənim var”, Bu vətəndi, ya qürbət? – Hesabat ver özünə! Bu daşınmaz yükləri çiynində qaldırmağa, Baş aparan düşməni ayağa saldırmağa, Gücünü, qüdrətini, hökmünü bildirməyə, İşinlə, əməlinlə könüllər güldürməyə, Varmı səndə məhəbbət? – Hesabat ver özünə! Qüvvətim, zorum torpaq, Ocağım, qorum torpaq. Səndə bir iz qoymasam, Alışsın gorum torpaq! Meydanı yada vermə, fürsəti bada vermə! Başdan uca saxla, Bu xalqa, bu millətə vəkil olmaq adını, Azı gündə yüz dəfə oxu bu bayatını!!!
1995, 13 dekabr · «kim qırılıb, kim qalıb» misrası Seyid Əzim Şirvanidəndir; «Qürbətdə deyirdin ki, Zülali, vətənim var» M.Şəhriyarın «Heydərbabaya salam» poemasındandır.