Meylimiz
Uçdu bir gün yuvasından quş kimi, Sevdasına təzə düşdü meylimiz. Qar görəndə zirvələri səslədi, Gül görəndə düzə düşdü meylimiz.
Yaz havası layla kimi həzindi, Əsən yeli saçımızda gəzindi. Həvəs dedi, oylağında gəz indi, Cığır tapdı, izə düşdü meylimiz.
Qüvvət aldı yüz sığaldan, naxışdan, Endi dağdan, çıxdı neçə yoxuşdan. Havalandı hər alovlu baxışdan, Süzdü getdi, gözə düşdü meylimiz.
Əs, ey külək, nə durmusan, əs, dedi, Həyatımdır hər duyduğum səs, dedi. Nə göz doydu, nə də ürək bəs dedi, Ocaq yandı, közə düşdü meylimiz.
İllər keçib, itirsək də çox sanı, Arzuların yox hesabı, yox sanı. Ömür gəlib haqlayanda doxsanı, Dayanmadı, yüzə düşdü meylimiz.