Meydan həqiqətindir
Xalq ilə görüşməyə üzü olan oğullar, Xalq ilə danışmağa sözü olan oğullar, Xalqın beyni, ürəyi, gözü olan oğullar, Meydan sizindir bu gün!
Bu torpağın odunu yer üzünə yayanlar, Yurdun hər qarışını göz bəbəyi sayanlar, Məsləkdə Nəsimiyə, Babəkə oxşayanlar, Meydan sizindir bu gün!
Qanı təmiz, qəlbi saf, eşqi duru olanlar, Çöhrəsində, üzündə haqqın nuru olanlar, Canında el qeyrəti, dağ qüruru olanlar, Meydan sizindir bu gün!
Ocağa keşik çəkən, gül qoruyan kimsələr, Bəd nəfəsdən, yad gözdən el qoruyan kimsələr, Dillərin hücumundan dil qoruyan kimsələr, Meydan sizindir bu gün!
Nə bəxşişdir, nə paydır, nə hədiyyə, nə sovqat, Zəhmətin bahasıdır bizə verilən həyat. Qartal vətəndaşlarım, qeyrətlə çalın qanad, Meydan sizindir bu gün!
Vəzifəyə, şöhrətə satılanlar, satanlar, Böyüklər kölgəsində xumarlanıb yatanlar, Xalqı güdaza verib aralığı qatanlar, Tərk edin bu meydanı!
Tufanda gəmi gərək, qayıq olmaq çətindir, Mürgülü başlar üçün ayıq olmaq çətindir, Layiqli bir millətə layiq olmaq çətindir, Tərk edin bu meydanı!
Dar gündə qılıncınız, sipəriniz yoxdusa, Dağı, daşı tərpədən təpəriniz yoxdusa, Şadlığımdan, yasımdan xəbəriniz yoxdusa, Tərk edin bu meydanı!
Bir həqiqət çıxmasın fərsizlərin yadından, Cəsarət tələb edir Vətən hər övladından, Utanın Koroğlunun, Xətainin adından, Tərk edin bu meydanı!
Öz işini görməmiş boşuna axmaz zaman, Heç bir kəsin başında nahaqdan çaxmaz zaman, Cəlladın qəbrini də rahat buraxmaz zaman, Tərk edin bu meydanı!
Bilirəm sizdən ötrü, Bu şöhrəti, bu adı, Bu ləzzəti, bu dadı, Maşınları, bağları, Rəngarəng otaqları, Göyçək katibələri, Saymaq ilə tükənməz Nələri və nələri... Tərk eyləmək çətindir, Tərk edin bu meydanı, Meydan həqiqətindir!