Məxdumqulu – Məğrubi
- Gəl, Məğrubi, cavab ver, ol nədir, divanı dörd? Məlaikə qurulan ol nədir, eyvanı dörd? Ol nə yaydır, çəkilər onun da peykanı dörd? Ol nə kimsə ötəndir, əhd ilə peymanı dörd? Ver cavabın bu sözün, həftəyü qurbanı dörd?
- Tapdım cavabın, şair, ömründür, divanı dörd, Məlaikə qurulqan məclisin eyvanı dörd, İman oxdur, atılar, onun da peykanı dörd, Şahi-mərdan Əlinin əhd ilə peymanı dörd, Bir ayın dörd həftəsi, cümədir qurbanı dörd.
- Çay ilə nan üstündə hansı peyğəmbər durdu? Ol kim idi davara çoban eylədi qurdu? Ol kim idi gülüstan-İrəm bağına girdi? Ol kim idi dünyada rəşid pirini gördi? Ol nə kimdir, ötəndir həm tiğ, həm bürranı dörd?
- Çay ilə nan üstündə Musa peyğəmbər durdu, Özü idi qoyuna çoban eylədi qurdu, Şiri-xuda gülüstan-İrəm bağına girdi, Əli idi dünyada rəşid pirini gördi, Şiri-xuda Əlinin həm tiğ, həm bürranı dörd.
- Hansı məlik dünyadan oğulsız ötdü getdi? Ol nə qadın, bir axşam ərini uddu getdi? Ol kim idi dünyasın üqbaya satdı getdi? Ol kimdir gənci-malı torpağa batdı getdi? Ol nə sədəf, açılmış gövhəri-qəltanı dörd?
- Süleymandır dünyadan oğulsuz ötdü getdi, Ol hümmətli Ay idi, ərini uddu getdi, Xıdır nəbi dünyasın üqbaya satdı getdi, Qarunun gənci-malı torpağa batdı getdi, Sədəf gövhər açılmış həm dürri-qəltanı dörd.
- Ol kim idi dünyada Qülzüm dəryadan keçdi? Ol kim idi narıncda əcəb gülzara düşdü? Ol kim idi səxavət, cənnət qapısın açdı? Ol kim idi hamıya ölçək donunu biçdi? Ol kimdir ki, oturar cənnətdə, mehmanı dörd?
- Həmzə idi dünyada Qülzüm dəryadan keçdi, Özü ikən narıncda dürlü gülzara düşdü, Şahi-adil səxavət, cənnət qapısın açdı, Səyyad əcəl dünyada hamının donun biçdi, Rəsulüllah oturar, yanında mehmanı dörd.
- Ol nə şagird əzəldən xidmət edər ustada? Ol nə şəhri-zinadır, külli gedər bərbada? Ol nə bülbül, oxuyar, feyzi gedər səmada? Hansı peyğəmbər idi vardı Allaha dada? Hansı peyğəmbər idi dilində sənası dörd?
- Ruhül-əmin Cəbrayıl xidmət edər ustada, Lutun şəhri zinadır, varı getdi bərbada, Həmranın bülbülüdir, feyzi gedər səmada, Ol İbrahim peyğəmbər, vardı Allaha dada, Haqqa qıldı münacat, dilində sənası dörd.
- Məxdumqulu, xəbər ver, ol kim, dəryaya daldı? Hər dəm nərə çəkəndə dəryanı tufan aldı? Ol kim idi bir nəzər kuhi-Marıda saldı? Anın vahiməsinə İran Turana gəldi, Ol nə quşdur, uçmada asmana, pərvazı dörd?
- Məğrubi der, Zülfüqar idi dəryaya daldı, Hər dəm nərə çəkəndə dəryanı tufan aldı, Əli idi, bir nəzər kuhi-Marıda saldı, İran-Turanı gəzib, əzmi-Xorasan gəldi, Ol könüldür, uçmada asmana, pərvazı dörd.