Məxdumqulu – Durdu şair
- Ol nədir ki, yaşıl-qızıl bürünər? Ol nədir ki, ayağı yox, sürünər? Ol nədir ki, yeddi dərya görünər? Şair olsan, bundan bizə xəbər ver.
- Ol əkindir, yaşıl-qızıl bürünən, Ol ilandır, ayağı yox sürünən, Ol balıqdır, yeddi dərya görünən, Bizdən salam olsun, cavab böylədir.
– Ol nədir ki, yaxası var, yanı yox? Ol nədir ki, qanadı var, qanı yox? Ol nədir ki, adam udar, canı yox? Şair olsan, bundan bizə xəbər ver.
– Ol kəfəndir, yaxası var, yanı yox, Kəpənəkdir, qanadı var, qanı yox, Qara yerdir, adam udar, canı yox, Bizdən salam olsun, cavab böylədir.
– Ol nədir ki, darvazasız qaladır? Ol nədir ki, pəncərəsiz binadır? Ol nədir ki, bir-birindən aladır? Şair olsan, bundan bizə xəbər ver.
– Ol könüldür, davazasız qaladır, Ol qəbirdir, pəncərəsiz binadır, Ol ay-gündür, bir-birindən aladır, Bizdən salam olsun, cavab böylədir.
– Ol nədir ki, yemədilər, doydular? Ol nədir ki, qiyamətə qoydular? Ol kim idi, dabanından soydular? Şair olsan, bundan bizə xəbər ver.
– Ol didardır, yemədilər, doydular, Ol namazdır, qiyamətə qoydular, Nəsimini dabanından soydular, Bizdən salam olsun, cavab böylədir.
– Ol nədir ki, yeddi ölkəni gəzən? O nədir ki, belini bir zad əzən? O nədir ki, adam misalı sızan? Şair olsan, bundan bizə xəbər ver.
– Ol çobandır, yeddi ölkəni gəzən, Ol qoyuundur, dayaq belini əzən, Bədəv atlar adam misalı sızan, Bizdən salam olsun, cavab böylədir.
– Ol nədir ki, torpaq üstə sürünməz? Ol nədir ki, adamlara görünməz? Ol nədir ki, heç bir dona bürünməz? Şair olsan, bundan bizə xəbər ver.
– Ərənlərdir, zəlil olub sürünməz, Ol bəladır, gəlsə, gözə görünməz, Yalan söhbət heç bir dona bürünməz, Bizdən salam olsun, cavab böylədir.