Məskəni
Eyya dilbər, camalında cürə xallar məskəni, Zəbanında şəhdi-şəkər, dəhanda ballar məskəni.
Zinət qılıb çıxdı dilbər, tavus quşu tək bəzənib, Mahi-taban həya eylər, yarımda illər məskəni.
Badi-səba gəzə bilməz daği-dəşti gəşt edib, Neyləsin ol bəndi qaldı, dilbərdə yellər məskəni.
Ərəb zəban düşdü xara, xiridarı yox onun, Bu pünhanı qılsam aşkar, dilbərdə dillər məskəni.
Sərvi dərəxt boylu pəri, səni hicran yandırdı, Gər ki ərzin sözləsən, yarımda tellər məskəni.
Ey Fəraqi, görkəzib yol, özün onda azmısan, Gəzər oldun, söylə ərzin, dilbərdə yollar məskəni.