Əsas məzmuna keç

Qəsidə

Mərhəba, ey qələm, ey şəm’i-şəbüstani-məqal

Məhəmməd Füzuli

1

Mərhəba, ey qələm, ey şəm’i-şəbüstani-məqal, Namələr xaliqi, peyğəmbəri-me’raci-xəyal.

Füqəranın köməyi şahə verən dərsi-ədəb, Əhli-dil yoldaşı, məhbubeyi-ərbabi-kəmal.

Surəti-hüsn sənin ətrin ilə ənbərbu, Dilbəri-mə’ni sənin zövqün ilə mişkinxal.

Qədinin yüksəlişindən yaranır qaməti-hüsn, Tellərindən yaranır zülfdə min hüsn-camal.

Doludur səfheyi-gülzar sənin xəttinlə, Yaqutunla doludur daməni-dil, malamal.

Qoy səninlə ucala qədrimiz aləmdə bizim, Aça ağuşunu ta bizlərə hər bir amal.

Kimə yar oldun isə dövlətə çatdırdın onu, Sənin ilə bəzənir, qürrələnir hər iqbal.

Gör necə yüngül ayaqsan, hamıya xidmət üçün Başı üstündə gəzirsən, dolanırsan məhü sal.

Feyzdir təb’i-səlimin bu cahan içrə sənin Sehridir işlərin, amma necə bir sehri-həlal.

Bəxtinin dilbərinin hüsnünə bu kafirdir, Olmusan mərhəmi-sərvi-çəməni-cahü cəlal.

O vəfa Misrinə Yusif və səfa əhlinə fəxr, Asəfi-pakgühər, sərvəri-pakizəxisal.

Indi çatmış elə bir dəm ki, o aliqədrə, Lütfilə söylərsən ki, necədir məndəki hal.

Yazasan gizli qalan sirrimi bir ağ kağıza, Ona çatdırmaq üçün etməyəsən heç ehmal.

Sən bilirsən ki, necəydi keçən əyyamda işim, Necə idi fələyin zülmlərindən əhval.

Dilbərin zülfü əlimdəydi, könül məcnundu, Nəş’eyi-cam ilə başımda dolu zövqi-vüsal.

Indi gör surəti-halım necə bərbad olmuş, Tutmuş ayinəmi bir qəm tozu, bir gərdi-zəval.

Qaldım avarə bu səhradə, kimə üz tutaraq, Qəlbimin dərdin açım ki, dilim olmuşdur lal.

Yuxudan başqa yoxumdur mənim ümmidgahim, Məşvərət eyləməyə mən açıram hər işə fal.

Yuxumu hər kəsə açdımsa, əziyyət verdim, Daha da dərdimi artırdı cəfayi-rəmmal.

Mən belə dərdü bəla görməmişəm ömrümdə, Heç zaman dərdə, qəmə düşməmişəm bu minval.

Hamı söylər ki, bunu həll edəcək Asəfi-dövr, Belə olduqda mənim halımı bil, dərdimə qal!

Qələmə bağlamışam, xəstə Füzuli, ürəyi, Var ümidim, verəcək bar nəhayət bu nihal.

Ah əgər bəxtim üzündən ola laqeyd mənə, Tapmaya dərdi-dili-zarimi təhqiqə məcal?

Var ümidim ki, özü dərdə qalıb eylər əlac, Razı olmaz ki, edəm başqasına ərzi-sual.

* * *

Lüğət: Məqal – söz, kəlam; Namə – məktub; Əhli – raz – sirr əhli, sirdaş; Dil – ürək; Qaməti – mövzun – yaraşıqlı boy; Damən – ətək; Malamal – ağzına qədər dolu; Qədr – dəyər, qiymət, məziyyət; Amal – əməllər, arzular; Sal – il; Təb – qızdırma; Sərvər – başçı; Dəm – qan; zaman; nəfəs; ah; söhbət; Gərd – toz; Dili – tirə – qaranlıq könül, tutqun könül; Qal – söz; Bar – yük; meyvə; dəfə; rəsmi qəbul

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.