Mərdlər içində
Mən bir ömür yaşayıram, Misralar, bəndlər içində. Söz köhlənim yarışdadır, Süzür səməndlər içində.
Dalğa kimi sal aşıram, Düz keçirəm, yal aşıram. Dərviş kimi dolaşıram, Şəhərlər, kəndlər içində.
Vaxt ovçudu, ov gəmirir, Saçı qar, qırov gəmirir, Qəlbə bax, cilov gəmirir, Çırpınır dərdlər içində.
Suda batdım, çəndə azdım, Öz ömrümə qəbir qazdım, Dağ olsam da dayanmazdım, Dayandım mərdlər içində.