Mərd elə məni
Allahım, qarşıdan bir tufan gəlir, Yükü qırğın gəlir, yükü qan gəlir. Ömrümə-günümə imtahan gəlir, Mərd elə, mərd elə, mərd elə məni!
Qoyma can üzülə, ürək sıxıla, Duyğular sinədə yana, yaxıla. Qoyma dağ əyilə, palıd yıxıla, Sərt elə, sərt elə, sərt elə məni!
Poladdan möhkəməm, ipəkdən həlim, Verdiyin ilhamdı mirvarim, ləlim. Bir gün ətəyindən üzülsə əlim, Bütün ömrüm boyu pərt elə məni! Pərt elə, pərt elə, pərt elə məni!
Ümidə çevrilsin ünvanım, adım, Güvənsin eşqimə yaxınım, yadım. Görsən bir şərəfsiz ömür yaşadım, Özünə ən böyük dərd elə məni! Dərd elə, dərd el, dərd elə məni!