Əsas məzmuna keç

Heca şeiri

Mənlə qəbrə gedən sirr

Zəlimxan Yaqub

1

Baxtımız haraydı, ündü, Ən ağlamalı gündü, İçimdə bir düyündü, Qəbrə apardığım sirr.

Daşa dəymiş oxumdu, Haram olmuş yuxumdu, Cücərməz bir toxumdu, Qəbrə apardığım sirr.

Dərdim şişər, fil olar, Ölümüm qəbir olar, Məzarda qıfıl olar, Qəbrə apardığım sirr.

Göz yaşım bilməz nədir, Başdaşım bilməz nədir, Qardaşım bilməz nədir, Qəbrə apardığım sirr.

Çörək olub yeyilməz, Paltar olub geyilməz, Allaha da deyilməz, Qəbrə apardığım sirr.

2004, 28 iyul Truskavets

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.