Əsas məzmuna keç

Heca şeiri

Mənim zirvəm

Zəlimxan Yaqub

1

Mənim eşqim, mənim zirvəm, Yollarıma çəpər olub, Qoşun çəksə üstümə qəm, Daş-kəsəkli yoxuşlarda Didilsə də dizim, sinəm. Qayaların qucağına Göz yaşlarım axsa belə, Başım üstə at oynadıb, İldırımlar çaxsa belə, Nə inadı buraxası, Nə səbrimi atasıyam. Yüz gün əlim boşa çıxsa, Bir gün sənə çatasıyam.

Zirvələrə gedən yolun Yolçuluğu çətin olur. Kimin ora əli çatır, Məğrur olur, mətin olur. Bu həvəs ki qanımda var, Tükənməzdi mətinliyim. Yüz bilirəm, az bilirəm Min olsa da çətinliyim. Gecələri nurlandırıb Gündüzlərə qatasıyam. Qarlı zirvə, havalanma, Bu gün çata bilməsəm də, Sabah sənə çatasıyam!

1975, 30 dekabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.