Əsas məzmuna keç

Qoşma

Mənim sözlərimin yalan yeri yox

Zəlimxan Yaqub

1

Dünyanın suyunu bulandırmışıq, Bir qarış salamat qalan yeri yox. Sazını o qədər kökdən salmışıq, Köklənən yeri yox, çalan yeri yox.

Haram toxumlarla gəldik baş-başa, Oğulsan tab gətir, kişisən, yaşa. Ağzımız pis yerdə dirənib daşa, Döngə yeri yoxdu, dalan yeri yox.

Çox vaxt dən yerinə daş əkdi dünya, Nə qədər baş yedi, baş əkdi dünya. Quyruqsuz, qulaqsız eşşəkdi dünya, Noxta yeri yoxdu, palan yeri yox.

Üsyanam, fəryadam, ağrıyam elə, Yanan insanların bağrıyam elə. Doğrular bilir ki, doğruyam elə, Mənim sözlərimin yalan yeri yox.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.