Mənim sazım sındırılan saz deyil
Onu qırmaq istəyənlər az deyil, Mənim sazım sındırılan saz deyil. Öldürsələr, ruhum saza dönəcək, Yandırsalar, ahım saza dönəcək. İşıq alıb Qurandakı ayədən, Rəhman ilə rəhim saza dönəcək. Şeyx oğluna səsim gedib çatanda, Təpə-dırnaq şahım saza dönəcək, Mənim sazım sındırılan saz deyil.
Sinəm onun sipəridi, sipəri, Bir telinə toxunmağa qoymaram. Kirpiklərim çəpəridi, çəpəri, Qan yerinə damarımdan saz axar, Qan qaynadan təpəri var, təpəri. Bu pərdədən, bu çanaxdan, bu qoldan İlahinin xəbəri var, xəbəri, Mənim sazım sındırılan saz deyil.
Qaya uçar, qala çökər, daş sınar, Hər daş üstə neçə-neçə baş sınar. Nadanların atdığı daş iş görər, Neçə-neçə göz tökülər, qaş sınar. Yerli-yersiz zərbələrə tuş gələr, Qol qırılar, baş kəsilər, dil sınar, Mənim sazım sındırılan saz deyil. Yer ayağı, göy dayağı, səs canı, Ulu kökdü, təzə qalxan pöhrədi. Həm Məcnundu, həm Leylidi, həm Kərəm, Həm Qəribdi, həm Tahirdi, Zöhrədi. Sinəsində dəryaları çalxadan, Buludları çalxalayan nəhrədi. Dalğaları şahə qalxan dənizdi, Qumsalları od püskürən səhradı. Çürük deyil oxalanan sim ola, Çör-çöp deyil küləklərə yem ola, Mənim sazım sındırılan saz deyil.
Yerin-göyün görkəmidi, görküdü, Təbiətin sevgisidi, ərkidi. Yaxşılığa dəvətidi dünyanın, Yamanlığın birdəfəlik tərkidi. Dodağında Türk adlanan millətin Şirin səsdi, xoş avazdı, türküdü. Bəndəsindən Allahına yol gedər, Yaranmışın yaradanı dərkidi, Mənim sazım sındırılan saz deyil.
2006, 24 iyul