Mənim ömrüm – Adəm ömrü
Mənim ömrüm torpaq ömrü, Kotandan, xışdan gəlirəm. Bir zərrə qum dənəsiyəm, Ayrılıb daşdan gəlirəm.
Mənim ömrüm gözəl ömrü, Xoş bir baxışdan gəlirəm. Tanrının əlləri çəkən, Sirli naxışdan gəlirəm.
Mənim ömrüm aşiq ömrü, Kirpikdən, qaşdan gəlirəm. Ürəklərdən yanaqlara, Süzülən yaşdan gəlirəm.
Mənim ömrüm ayaz ömrü, Qarlı bir qışdan gəlirəm. Dolub-boşalan buluddan, Yağan yağışdan gəlirəm.
Mənim ömrüm Adəm ömrü, İştahdan, aşdan gəlirəm. Qovulmuşam cənnətimdən, Qalxıb o başdan gəlirəm.
2002, 28 iyul