Mənim ömrüm
Durnaları qaqqıldayan, Buludları şaqqıldayan Göyü var mənim ömrümün.
Sümüklərə lərzə salan, Harayını ərzə salan Neyi var mənim ömrümün.
Bayraq edib Zəlimxanı, Ötkəm xanı, həlim xanı, Bəyi var mənim ömrümün.
Nə sünbül, nə dən biləsən, Qafilsən, nədən biləsən Nəyi var mənim ömrümün.
Bir dağdı, söykənib dağa, Neçə min il yaşamağa Heyi var mənim ömrümün.
2000, 15 sentyabr