Mənim dostum
Sevincə etibar yoxdur, Ömrü bir an qədər imiş. Hər gülüşün, təbəssümün Axırı bir xətər imiş.
Biz dördəlli tutduq onu, Uddu yenə udduğunu. Dünya tutur tutduğunu, Sızıldamaq hədər imiş.
Həyat səssiz-küysüz ötməz, Sirlərinlə xəyal yetməz. Demək, yoxdur gələr, getməz, Gələn bir gün gedər imiş.
Dərd dondurar, buz kimidir, Yara üstdə duz kimidir. Sevinc şıltaq qız kimidir, Mənim dostum kədər imiş.