Əsas məzmuna keç

Heca şeiri

Mənim dilim

Zəlimxan Yaqub

1

Mənim dilim layla dili, oxşama dili, Şeir dili, nəğmə dili, sənət dilidi. Yer üzündə nə ki dil var, nə ki dinən var, Hamısına sevgi dili, rəğbət dilidi.

Mayalanıb Savalanın ətəklərində, Əzizlənib gözümüzün bəbəklərində, Qılınc olub bir millətin Babəklərində, Hünər dili, kəsər dili, qeyrət dilidi.

Həsrət ilə pıçıldaşar xəzəl dilində, Gözəlləri danışdırar gözəl dilində, “Heyrət ey büt!” – nidası var qəzəl dilində, Füzulinin danışdığı heyrət dilidi.

Məcnunlaşıb, Fərhadlaşıb, Şirinləşib o, Dərinlərə işlədikcə dərinləşib o. Sazda dinib, neydə ötüb, şirinləşib o, Dost dilidi, yar dilidi, ülfət dilidi.

Tikələnib, parçalanıb, qəlpələnmişik, Silkələnib, dalğalanıb, ləpələnmişik. Vətən dili olub, yer üzünə səpələnmişik, Vətən dili qəriblərin qürbət dilidi.

Meydandadı, künc-bucağa qısılan deyil, Özgələrin ətəyindən asılan deyil. Kəssələr də, üzsələr də, basılan deyil, Dil kəsənə, baş kəsənə nifrət dilidi.

Oda dönüb damarımda axan qanımdı, Qurbanlığı gərək olsa, qurban canımdı. Məhsətimdi, Heyranımdı, Natəvanımdı, Abır dili, həya dili, ismət dilidi.

“Ənəlhəq”qi şərhə sığmaz, bəyana sığmaz, Sərhədsizdi, məkansızdı, məkana sığmaz. Nəsiminin cahanıdı, cahana sığmaz, Ər dilidi, xalq dilidi, millət dilidi.

Taleyimdən axıb keçir Kür-Araz dili, Yaşıl duyğu, yaşıl ağac, yaşıl yaz dili. Qurbaninin oxuduğu telli saz dili, Xətainin yaratdığı dövlət dilidi.

Hər damlanı bir ümmana döndərib bu dil, Hər sevgini bir dastana döndərib bu dil. Zəlimxanı Süleymana döndərib bu dil, Quşlar ilə danışmaqçün söhbət dilidi.

2002, 20 may

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.