Mənim dərdim
Demə sənin nə dərdin var, Dərdli dilim – mənim dərdim. Əlimdən əliboş gedən Ayım, ilim – mənim dərdim.
Yox Babəkim, yox Qorqudum, Çalınmaz qopuzum, udum. Yurd yerində sönən odum – Qalan gülüm – mənim dərdim.
Loğman aciz, yara dərin, Gözüm ağlar sərin-sərin. Tağı çökmüş Xudafərin, Sınan belim – mənim dərdim.
Həsrət gördü, boyun bükdü, Bu Təbrizdi, o Kərkükdü. Bir daşınmaz ağır yükdü Daşan selim – mənim dərdim.
Gedəmmirəm yasa, toya, Tarix buna nə ad qoya. Mərəndə, Zəncana, Xoya Çatmaz əlim – mənim dərdim.
Öz evinə qonaq düşən, Yüz yerinə yamaq düşən, Yaxın olub, uzaq düşən Obam, elim – mənim dərdim.
Çənlibelim, çeşməm, çayım, Unudulan haqqı-sayım, Kəsilən nərəm, harayım, Susan dəlim – mənim dərdim.
Saçım ağdı, bəxtim qara, Tapdaq oldum hər çapara. Torpaq kimi para-para Bölüm-bölüm – mənim dərdim.
Qəlbim sinəmdə yasdadı, Qılıncım qında pasdadı. Ümidim yenə dostadı, Ümid yolu – mənim dərdim.
Daha bəsdir, könlüm, ayıl, Səsin gəlsin, seçil, sayıl. Yaralanmış Şah İsmayıl, Sultan Səlim – mənim dərdim.
Mən piyada, kədər atlı, Mən qanadsız, o qanadlı. Müşfiq, Cəfər, Vurğun adlı Vaxtsız ölüm – mənim dərdim.
Saydığını saydı həyat, Arzularım oldu boyat. Bax belə gün, belə saat, Belə zülüm – mənim dərdim.