Mənim dediklərim yerinə yetsə
Sular vurğunuyam, sular vurğunu, Su axa, mən baxam, könül nurlana. Dalğalar öpüşə sevgililərtək, Qəlbə işıq düşə, can qürurlana.
Sellər dəlisiyəm, göllər aşiqi, Sel daşa, mən coşam, sinəm qabara. Ellərlə sellərin öpüşməsindən Sevənlər çöllərə xəbər apara.
Yellərin, sellərin, çöllərin ətri İnsan gözündəki nuru saxlaya. Ağlı, düşüncəni, hissi, ürəyi Zirvə eşqi kimi duru saxlaya.
Mənim dediklərim yerinə yetsə, Mən ollam dəniz də, bulaq da, çay da. Günəş gündüzümə bəxtəvər deyər, Gecələr ömrümü bəzəyər Ay da.
Mənim dediklərim yerinə yetsə, Yer ollam, göy ollam, Kainat ollam. İşığı kəsilməz, odu azalmaz, Nur dolu, nur donlu bir həyat ollam.
2012 Almaniya, Hannover