Əsas məzmuna keç

Qoşma

Mənim Borçalıda qalan illərim

Zəlimxan Yaqub

1

Körpəliyim idi – kövrək, rəhmli, Uşaqlığım idi – ayıq, fəhmli. Cavanlığım idi – ötkəm, zəhmli, Mənim Borçalıda qalan illərim.

Gecə danışırdım ulduzla, Ayla, Gündüz görüşürdüm çeşməylə, çayla. Getdi əllərimdən hayla, harayla, Mənim Borçalıda qalan illərim.

Atamın qəbritək ziyarətimdi, Anamın səbritək qətiyyətimdi, Mən onsuz yetiməm, mənsiz yetimdi, Mənim Borçalıda qalan illərim.

Aran bir qoluydu, dağ bir qoluydu, Çəmənlə, çiçəklə, nurla doluydu. Haqqa qovuşmaqçün Haqqın yoluydu, Mənim Borçalıda qalan illərim.

Ulu gözəlliyə bənd yerim oldu, Oymaq yerim oldu, kənd yerim oldu, Tövbə yerim oldu, and yerim oldu, Mənim Borçalıda qalan illərim.

Hər fikri gözəldi, hər sözü xoşdu, Görüş bayramıdı, həsrət yasıdı. Dünyanın ən qədim saz havasıdı, Mənim Borçalıda qalan illərim.

Sarvan dağlarıdı, Ləlvərdi, Lökdü, Həsrəti içimi doğradı, tökdü. Ayrılıq anında göz yaşı tökdü, Mənim Borçalıda qalan illərim.

Göyü soraqlayır, yeri çağırır, Oğulu səsləyir, əri çağırır. Gedən oğulları geri çağırır, Mənim Borçalıda qalan illərim.

Göz yaşı gözümdə şeh kimi qaldı, Ağrısı canımda ah kimi qaldı. Ömrümün taxtında şah kimi qaldı, Mənim Borçalıda qalan illərim.

Adım yaddaşında azarmı görən? Bir həsrət məzarı qazarmı görən? Məni yaddaşına yazarmı görən? – Mənim Borçalıda qalan illərim.

Ondan ayrılmağım haqsızmı, haqmı? Günahkar insanmı, talemi, vaxtmı? Bilmirəm mənimlə barışacaqmı, Mənim Borçalıda qalan illərim.

2004, 29 iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.