Mənim
Bilmirəm ki, nə bəlalı qul oldum, Əzəl qara gəldi iqbalım mənim. Nə zamankı nəzərimə sataşır, İtir ağlım, huşum, kamalım mənim.
Atəş tutub, öz-özümə yanaram, Məcnunuyam, Leyli günün sanaram, Ölənədək sevdiyimi anaram, Dönməz cananımdan xəyalım mənim.
Əsli-Kərəm kimi mən oda yandım, Eşqə düşdüm, öz canımdan usandım, Bimürvətin atəşinə qalandım, Bir soruşan yoxdu əhvalım mənim.
Siyah zülfün dal gərdəndə hörəsən, Əl uzadıb qönçə gülün dərəsən, İstəsən ki, Ələsgəri görəsən, Göyçə mahalıdı mahalım mənim.