Məni tələsdirmə
Tünlüyə çevrilib şəhər, tünlüyə, Çıxmışam qoynundan bircə günlüyə. Dərmanı tapılan xəstələr kimi, Təzəcə açılıb qanadım, qolum. Məni tələsdirmə “dur gedək” deyə, Məni tələsdirmə, qurbanın olum!
Bir yandan bağlayan, bir yandan açan, Zaman qovan olur, insanlar qaçan. Nə bilim nə zaman, kim bilir haçan Bir də bu yerlərə düşəcək yolum. Qoy dağlar qol açsın, dərələr qucaq, Məni tələsdirmə, qurbanın olum!
Fikrim zirvələrin sorağındadı, Sözüm bülbüllərin dodağındadı, Göylərin sahilsiz qucağındadı, Buludum, günəşim, yağışım, dolum. Mehdə təzələnim, şehdə durulum, Məni tələsdirmə, qurbanın olum!
Qəlbinə haqq nuru daman kövrəlir, İnsana qoşulub zaman kövrəlir, Şair kövrələndə yaman kövrəlir, Qoy burda göy kimi boşalım, dolum, Məni tələsdirmə, qurbanın olum!
Gözəllik mülkündə taxt ələ düşmür, Taxtda əyləşməyə vaxt ələ düşmür, Vaxtı cilovlayan baxt ələ düşmür, Ziyarət sağımdı, məhəbbət solum. İki gözəlliyin arasındayam, Məni tələsdirmə, qurbanın olum!
Başa yağış kimi damır gün daha, Qəlbin dediyini demir gün daha, Əyilir qüruba ömür-gün daha, Baş-başa dayanır ölümlə olum, Məni tələsdirmə, qurbanın olum!
Elə ki, ruh qalır candan uzaqda, Söz ürəkdə donur, nəğmə dodaqda. Allah götürərmi, dar bir otaqda Dibçək gülü kimi saralım, solum. Bu axşam payıma təbiət düşüb, Məni tələsdirmə, qurbanın olum!