Əsas məzmuna keç

Qoşma

Məni sevə-sevə öldür, ilahi!

Zəlimxan Yaqub

1

Sevgidən doğuldum, sevdim, sevildim, Məni sevə-sevə öldür, İlahi! Allahın gücünü sevəndə bildim, Məni sevə-sevə öldür, İlahi!

Sellərə çevrilim, kükrəyim, axım, Buluda çevrilim, gurlayım, çaxım. Ətəkdən boylanım, zirvədən baxım, Məni sevə-sevə öldür, İlahi!

Şirindir sevilən hər gün, hər saat, Dünya gözəlitək, gəl, mənə naz sat. Kül olmaq ölümdü, köz olmaq həyat, Məni sevə-sevə öldür, İlahi!

Çəmənin üstündən əsən meh eylə, Çiçəyin gözündən öpən şeh eylə. İstər nökər eylə, istər şah eylə, Məni sevə-sevə öldür, İlahi!

Qara saçlarıma sevgi dən olsun, Mən bir sünbül olum, sevgi dən olsun. Elə ölümüm də sevgidən olsun, Məni sevə-sevə öldür, İlahi!

Həvəsim önündə əsrlər azdı, Eşqimin yanında sular dayazdı, Məni sevə-sevə yaşatmaq azdı, Məni sevə-sevə öldür, İlahi!

2000, 10 noyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.