Məni bir halə salıb ki, fələki-kəcrəftar
Məni bir halə salıb ki, fələki-kəcrəftar, Gəzərəm aləmi sərgəştə misali-pərgar.
Gah səhrayi-səfalətdə qalan bir bədbəxt, Gah fəqirlik çölünün sakiniyəm bikəsü xar.
Gah bəla kuyini məskən edib, oldum rüsvay, Gah gizli qəmim etdi məni min dərdə düçar.
Bəxti amalım ilə başladı bədəhdiliyə, Könlümün istəyinə baxmadı çərxi-qəddar.
Oxşadarsan buluda gözlərimi, doğru deyil, Ola bilməz bulud olsun bu gözüm tək ağlar.
Bəs ki, içmiş ciyərim qanını göz mərdüməkin, Qanlı göz yaşı edər çöhrəmə hər ləhzə nisar.
Həqqi tə’yin üçün qılmağa kəsbi-irfan, Bir zaman ömrümü bihudə itirdim məni-zar.
Mə’rifətlə baxaraq həqqi görüncə bildim Ki, ucuz əmtiədir, elmə tapılmaz bazar.
Istərəm sərvətü miknət arayım aləmdə, Sırf nadanlığa sərf eyləyim ömrüm nə ki var.
Pak zatım nə qədər yüksək idi dünyadən, Nə mələkdə, nə bəşərdə var idi məncə vüqar.
Indi heyvanla cəmadatidən əskik oldum, Saldı bu halə məni qəlbi qara insanlar.
Hər sözümdə var idi fəlsəfeyi-ruhani, Tutiyi-təb’imə məxsus idi şirin göftar.
Az qalıbdır sözümü anlamayan nakəslər, Hindlilər ləhcəsi tək məzhəkəyə qoysunlar.
Axirət xatirinə tərk elədim dünyanı, O da mümkünmü və ya yox? Məni bu fikr yorar.
Ah, bəlkə mənə təqdir əzəldən yazmış, Həm bu dünya, həm o dünyada olam bimiqdar.
Bir ömür elmü-əməl damənini tutdum kim, Xaliq öz mərhəmətini mənə qılsın izhar.
Elmim əfsus ki, təzvirə səbəb oldu mənim, Şeytanın vəsvəsəsindən əməlim vermədi bar.
Yox ümidim ki, mənə elmi əməl yar olacaq, Qarşısında məni həqq saymayacaq üsyankar.
Var ümidim ki, Əli eşqi əlimdən tutaraq, Olacaq elmü əməlsiz məni-avarəyə yar.
O imami ki, olub taəti xəlqə vacib, Inslə cin yaranmış ol şəhə xidmətkar.
Şahlığın bayrağını rə’yi ilə yüksəltmiş, Yə’ni şə’ni ucalıq rəmzini qılmış izhar.
Taətindən qaçan Allahına olmuş asi, Yolunu izləməyən küfrünə etmiş iqrar.
Xilqətə hikmət əsas etdi onun dostluğunu, O əsasın üzərində bu cəhan tutdu qərar.
Hikmət əhli bu səbəbdən də bu gün heyrandır Ki, fənasinə cəhanın necə etsin iqrar.
Varlığın rişteyi-təhkimi bir an içrə belə, O şəhin qüdrət əlindən əgər olsaydı kənar,
Üz verərdi elə bir hadisə kim, qalmaz idi, Dörd əsas rüknilə bu altı cəhətdən asar.
Döşəmişdir ol kərəm süfrəsini cənnətdə, Xəlqi də’vət edər öz süfrəsinə şamü nəhar.
Bu cəhan əhli o dünyayə səfər etməz idi, Etməsəydi o kərəm süfrəsinə meyl izhar.
Söndü şöhrət odu Bağdadda Ənuşirəvanın, Şöhrəti aləmə səs saldı Əlinin təkrar.
Allahın şirinin ismi çəkilən bir yerdə, Hansı itdir aça Sasani itindən göftar?
Vəsfinin ləşkəri səf çəksə bütün aləmdə, Vəhm təslim olar, hiss edərək ərsəni dar.
Ey qəza rə’yü qədər-qədrli sultan ki, sənin, Elmün idraki təhəyyürdə qoyub dairəvar.
Bizə yüksək şərəf olmuş sənə qul olmağımız, Qulluğun, səltənətin rütbəsini etmiş xar.
Yetsə tədric ilə Keyvanə xələl, bil ki, sənin Qulunun bir qulu Keyvanə bərabər tutular.
Gər qəza hökmü fələk şirini məhv etsə, sənin Bir itin şir əvəzində olacaq çərxə səvar.
Ey əli kan, ürəyi bəhr, sənin mədhində Hər sözüm lə’li-Bədəxşan idi, dürri-şəhvar.
Bu qədər incini, lə’li mənə sən vermişsən, Yolunda sərf edərəm mən gər ola bəxtim yar,
Hüsni-göftaridə mən varisiyəm Səlmanın, Hüsnü-şe’rimdə Iraqi-ərəb olmuş gülzar.
Yoxsa Səlman qədər lütfi-əda məndə əgər, Qətrə ümman ilə bəhs etsə olar bimiqdar.
Çünki ömrü uzunu firqeyi-Çingiz xani Vəsfi Səlman özünə qıldı bu dünyadə şüar.
Əhli-beytin olaraq mən də kiçik məddahi, Mədhdir, mənqəbədir yazdığım hər bir əş’ar.
Bu işə məhrəm olan əhli-fərasət söylər, Kimə səlmanlıq ilə fəxr eləmək həqqi çatar.
Var ümidim nə qədər bülbüli-xoş əlhanın Fürsəti var edə söz baği ara vəsfi-bahar.
Bu Füzulini xuda Ali-əba mədhində Qılsın öz fəzli ilə təb’i rəvan, xoş göftar.
* * *
Dolubdur qanla könlüm, qəm evi olmuş mənə aləm, Hanı bir öylə həmdəm ki, boşaldam qəlbimi bir dəm.
Qəmim öylə böyükdür kim, göyərsə ot məzarımdan, Yüz il hər gün bahar olsa, ola bilməz o ot xürrəm.
Könüldən qəmlərim zayil yəqin olmaz əgər Cəmşid Qəmim dəf’i üçün saqi olarsa əldə cami-Cəm.
Məzacım şəm’ə oxşar, ağlayıb yanmaq şüar etmiş, Bütün ömrüm boyu qəlbimdə atəş var, gözümdə nəm.
Gözəllər zülfünün sevdasını başdan çıxardım çün, Ağıl qeydinə əhvalım pərişandır, işim bərhəm.
Səfa könlü diri aşiqlərə qismətdir, ey arif, Evində hər kəsin varsa ölü, olmuş işi matəm.
Yaram çoxdursa da qəlbimdə, mən bak etmərəm, çünki Ürək dərdinə olmuş zikri-şahi-övliya məlhəm,
O aliqədr, adil qəlbli sultan ki, xilqətdə, Onun zatilə fəxr etmiş bu aləmdə bəni-adəm,
Məsiha dini ləğv oldu zühuri-nuri-pakindən, Tapılmazdı onun dövründə Isadən vuranlar dəm.
Onun can bəxş edən lütfü dirildər yüz Məsihani, Odur kim, söyləyirlər: ölməmiş sağdır Məsiha həm.
Iki ağzıyla qan tökmüş qılıncı, işləmiş daim, Vəli, mö’cüz üzündən başqa iş tutmuş özü ol dəm,
Töküb müşriklərin qanini, həqqi eyləmiş zahir, Diriltmiş şər’i-həqqi, sanki olmuş Isiyi-Məryəm.
Ağac zərbiylə ol dəm ki, qovuldu baği-cənnətdən, Onun dərgahinə ancaq sığındı həzrəti-Adəm,
Qayıq tək qəbrinin sənduqi üzmüş Nuhidən əvvəl Odur kim, qopsa yüz tufan qəlbində görünməz qəm.
Əmirəl-Mö’minin Heydər Əli ibni Əbü Talib Ki, hər fazildən əfzəlsən və hər bir elmdə ə’ləm.
Ümuri xilqətə bais sənin feyzi-vücudundur, Bu aləm varlığından çün tutulmuş varlığın əqdəm.
Məhəbbət tellərinlə olmasaydı bağlı bu dövran, Olardı aləmin nəzmi qırıq zəncir tək bərhəm.
Sən oldun sahibi-me’racə munis, qəm yeməz ol kəs Ki, nur saçmış qaranlıqda yoluna sən kimi bir şəm.
Vəsiyyi-Müstəfasən, oldur insü cinnə hakimsən, Süleymani-zəmansan kim, varındır bir belə xatəm.
Məhəmməd sahibi-me’racü fəzlü vəhyü qürb olmuş, Əmoğlumdur – deyə, fəxr eyləmiş bu şə’n ilə bahəm.
Xudanın xilqəti-əşya işində məqsədi sənsən, Hərami-qürbi-ov ədnadə həm Peyğəmbərə məhrəm.
Sənin hörmət quşun ol yerdə sakindir ki, qürbündən Ədəb gözlər o yerdən Cəbrəilin ruhu də hər dəm.
Peyğəmbərdir – deyə, mö’cüzlə dəryani yaran Musa, Sənin qarşında Musanın özü bir qətrədəndir kəm.
Sənin zatında nöqsan yoxdur, hər bir elmə vaqifsən. Kəmalın vəsfini sözlə necə irad edər adəm?
Gətirsən Düldülü cövlanə meydani-vilayətdə, Izin tapmaz, tozun görməz yüz Ibrahim, yüz Ədhəm.
Mənim şəfqətli sultanim, bu hümmətlə rəva görmə Ki, qəddim bir kəsin minnət yükü altında olsun xəm.
Sənin məddahinəm, təkcə sənin yükün kifayətdir, Nə bir kəsdən təmənnam var, nə də bir şəxsə məddahəm.
Səxavət gözləsəm bir başqasından yansın imanım, Ətasi gənci-Qarun olsa da, sahib səxa-Hatəm.
Füzuli daima istər qənaət eyləsin pişə, Ilahi, bəxş qıl taqət bu niyyətdə ona sən həm.
Onun qəlbində şahi-övliyanın mehri möhkəmdir, Xilas et ehtiyac dərdindən, olsun hümməti möhkəm.
* * *
Lüğət: Sərgəştə – avara, çaşqın, pərişan; Xar – çox möhkəm daş, mərmər daşı; Amal – əməllər, arzular; Çərxi – çənbəri – dairəvi səma; Qanı – hanı; Mərdümək – bəbək; Zar – sızıldayan, ağlar, zəif; Təb – qızdırma; Təqdir – olacaq şeyin Allah tərəfindən qabaqcadan müəyyənləşdirilməsi; bəyənmək, qədrini bilmək; Əməl – arzu; iş; Damən – ətək; Bar – yük; meyvə; dəfə; rəsmi qəbul; Əlim – bilik sahibi; Əhli – raz – sirr əhli, sirdaş; Kənar – qucaq, ağuş; Dar – bina, ev; Qədr – dəyər, qiymət, məziyyət; Təhəyyür – heyranlıq; Kan – mədən yeri; Bəhr – dəniz; əruz vəznində şeir ölçüsü; Hüsni – göftar – söz gözəlliyi X; Ümman – böyük dəniz; dərya; Beyt – ev; şerin iki misrası; Ara – bəzəyən; Ali – Əhmədi-Muxtar – Məhəmmədin (s.ə.s.) nəsli; Rəvan – gedən; axan; ruh; Dəm – qan; zaman; nəfəs; ah; söhbət; Xürrəm – şad, sevinc; Cami – xoşgüvar – ləzzətli şərab; Bak – qorxu; Can – ruh, bədən; Vəli – lakin; dost, xələf, mənəviyyatca Allaha yaxın; Talib – tələb edən; rəğbət göstərən, istəyən; Əqdəm – qabaq, qədim; Qürb – yaxınlıq; Kəm – az; Ədhəm – qara at; Xəm – əyri; Gənc – xəzinə; Pişə – peşə