Məni
Xədd ağardı, isbat oldu qocalıq, Bəyənmir gəlinlər, qızlar da məni. İqbal üz döndərib, baxtım yatıbdı, Gör necə qoyubdu düzlərdə məni!
Layiq deyil qəmzə sata yar yara, Sərraf yoxdu, dərdim çəkə bazara, Məcnun kimi necə qoydu avara, Tanrı burda səni, bizlərdə məni.
Yazıq Ələsgərdən dönüb üzləri, Dost yad olub, yada salmır bizləri. Bivəfa gözəlin tənə sözləri, Yandırıb odlarda, közlərdə məni.