Əsas məzmuna keç

Qoşma

Məni

Zəlimxan Yaqub

1

Ana torpaq, dağa döndər eşqimi, Yaylaq eylə, yamac eylə sən məni. Qanadından yaralanmış quşların, Ağrısına əlac eylə sən məni.

Ürək olub bu sevdaya düşənim, İstəmişəm dağa qalxım, döş enim. Çiçək olum, çəməninə döşənim, Ərişinə arğac eylə sən məni.

Gec yetirib, tez-tələsik itirmə, Yaz keçməmiş ömrə xəzan gətirmə. Bitirəndə tikan kimi bitirmə, Palıd kimi ağac eylə sən məni.

Ucalmağım – daş üstə daş qoymağım, Yaşamağım – anlamağım, duymağım. Ölməyimdir gözəllikdən doymağım, Gözəlliyə möhtac eylə sən məni.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.