Mənəm ki, görməmişəm əhli-ruzigarda vəfa
Mənəm ki, görməmişəm əhli-ruzigarda vəfa, Nəsib olub mənə min dürlü dərd, cövr, cəfa,
Zəmanə əhli əlindən içib kədər zəhəri, Ölüb də istəmədim kimsədən təbib, dəva.
Mənəm ki, dəhrdə göz çəkmişəm azadlıqdan, Əsirəm, əl-qolumu bağlayıb tənabi-bəla.
Ağır günümdə mənə yar təkcə kölgəm idi, Vücudum ol qədər incəldi, gözdən itdi o da.
Mənim də ney kimi nəğməm fəğan idi ancaq, Qırıldı ney kimi qəddim, sinəmdə söndü nəva.
Nə yar var, nə müsahib, nə mehriban bir dost Ki, dinləsin məni, dərdi-dilimi açsam ona.
Cahanda təkcə mənim cismimi hədəf seçmiş, Kəmanə hər nə qədər ox qoyub atarsa qəza.
Mənim dilək yolumu öylə bağlamış ki, fələk, Qəbula yetməz, edərsəm yüz illər ilə dua.
Təbibim oldu fəlakət, mənim əlacım olan Səadətin şişəsi içrə qaldı şəhdi-şəfa.
Gözüm yaşında məni zə’f istəyir boğsun, “Bizimlə qal” – deyə, mane olur qəm ilə bəla.
Azı çoxun sözünə tabe oldu düşmənimin, Gər olmasaydı belə, mən hara, həyat hara?
Murad meyvəsi verməz ümid qönçələri, Könüldə qövr eləyib qaldı həsrət ilə yara.
Tutuşdu qəm oduna, yandı binəva könlüm, Mənə muradi ilə göstərərkən istiğna.
Tükəndi göz yaşımın incisi, gözüm qurudu, Gözəl sənəmlərə nə sərf edim, xudavənda?
Həlak edər məni yoxsulluğun ağır dərdi, Necə dözüm ki, bilib yoxsulam o mahliqa.
Nə qalmaq həqqi varımdır, nə getməyə hünərim, Nə inzivayə ümid var, nə e’tibari-fəna.
Könül qəmilə gecə sızlayıb, qan ağlardım Ki, qeybdən mənə nagəh yetişdi böylə nida
Ki, ey düçar olan zülmə, naümid olma, Fəqirlərin köməyi gəldi, eylə şükri-xuda.
Odur səni götürən hümmətilə torpaqdan, Odur sənə yetirən minlər ilə feyzü əta.
Səadətin gülüdür gülşəni-kəramətdə, Ədəb bağında çiçəkdir, həya bağında səfa.
Geniş ürəkli, uca rütbəli o Əlvənd bəy Ki, rəhbər oldu, apardı bizi o doğru yola.
Səadəti əbədidir, ətası sarsılmaz, Cəlalı tutmuş onun elmü mə’rifətlə bina.
Əziz vücudi olub gah Yusifi-Misri, Gəhi o şah edib əzmi-Yəsribü Bətha.
Cəlalü bəxti onun özgələrdən üstündür, Ona bu izzəti bəxş eyləmiş ata və ana.
Təsadüfi deyil ondan səvab işlər, çün Onun əlindən hələ çıxmamışdır əmri-xəta.
Sən ey vücudu hünər asimaninin günəşi, Hüzur müjdən ilə qəlb tapdı zövqü səfa.
Xudayə şükr ki, bir də o sərv qəddindən Dübarə sayə düşər biz fəqirlərin başına.
Xudayə şükr ki, bir də cəmalının nuri, Yetirdi dostlarının gözlərinə feyzi-ziya.
Qəsəm ona ki, məni mənbəi-sədaqət edib, Qəsəm ona ki, səni xəlq edibdi kani-səxa.
Qəsəm ona ki, məni xəlq edib fəqir, həqir, Qəsəm ona ki, səni etdi xəlqə hökmü rəva.
O vəqtdən ki, pəri tək gözümdən oldun iraq, Həqiqi insan üzü görməmiş gözüm, əbəda.
Başımdan əql sənin getməyinlə getmiş idi, Sən indi gəldin, o da oldu nagahan peyda.
Əziz adın gecə-gündüz dilimdə əzbər idi, Yeganə munisim idi qalanda mən tənha.
Könüldə təkcə sənə yer verib, yaşatdım mən, Bununla borcumu həq qarşısında etdim əda.
Qapından ayrı düşərkən, şəha, Füzuliyi-zar Gözündə dönmüş idi məhbəsə bütün dünya.
Silindi bu gəlişinlə məlal könlümdən, Kədər yox oldu, qəmin ruzigari geydi qara.
Necə fələklərə baş vurmasın ki, çiynindən Ələm yükü götürüldü, düzəldi qədd, şəha!
Bahar gəldi, xəzan köçdü bəxt bağından, Yetirdi bülbülə gül müjdəsini badi-səba.
Bir arizum budur, ey sərvərim ki, aləmdə, Nə qədr dövrə vurur asiman yerin başına,
Muradına çatasan hər iki cahanda, fələk Cəlal qəsrini etsin səfalı bir mə’va.
* * *
Lüğət: Əhli – raz – sirr əhli, sirdaş; Dəhr – zaman, dünya, aləm; Şəhd – saf bal; Qal – söz; Mahliqa – ayüzlü; Əta – bəxşiş; Sayə – kölgə; Həqir – etibarsız, aciz; Peyda – zahir, aşkar olmaq; Zar – sızıldayan, ağlar, zəif; Ariz – yanaq; Sərvər – başçı; Qədr – dəyər, qiymət, məziyyət