Mənəm
Ağıldan kəm, huşdan çaşqın, dildən küt, Naqabil, kəlməsi bisəmər mənəm. Məcnun kimi viranələr küncündə, Sərgərdan, səhrayi-qələndər mənəm.
İbadət vaxtında müşkül hal oldum, İblis əməlində pürkamal oldum, Qəza vurdu, sin içində lal oldum, Hər sözü dillərdə bir dəftər mənəm.
Sənətim məsiyət, yoxdu savabı, Nəkreyinə dilim tutmaz cavabı. Ədalət hakimin payi-turabı, Kamil ustadlara qul kəmtər mənəm.
Dolandım bihudə, gəzdim əfsana, Tabe oldum nəfsə, uydum şeytana, Xeyir əməlim yoxdu mərdü mərdana, Günahkar, günahkar, günahkar mənəm.
Dünyanın cifəsi aldatdı məni, Unutdum üqbanı, tutdum dünyanı. Bağışla taqsırım, ya kərəm kanı, İrəhm eylə, yazıq Ələsgər mənəm.