Əsas məzmuna keç

Heca şeiri

Mənəm

Zəlimxan Yaqub

2

Dinlə, ey qoca dünya, Bu gün mənim səsimi. Xəbər bilmək istəsən, Ən güclü xəbər mənəm! Az deyil yer üzündə, Haqqına can atanlar, Ən dalğalı izdiham, Ən ağır ləngər mənəm!

Heç kəs oynamasın qoy, Qəzəbim, nifrətimlə, Tarixlərdə bəlliyəm, Bəşərə hörmətimlə. Qanlı silahımla yox, Namusum, qeyrətimlə, Təpədən dırnağadək, Silahlı əsgər mənəm!

Döyüşlər meydanına, İndi qoy Həzi gəlsin. Yurdun qarlı Qoşqarı, Qarlı Kəpəzi gəlsin, Babəkin özü gəlsin. Xeyir-dua verməyə, Haqqımı qaytarmağa, Bu gün səfərbər mənəm!

Səksəkələr içində, Sökülən bir danım var. Qayğılar dəryasında, Bir narahat canım var. Bu gecə yatmaq olmaz, Sabah imtahanım var, Bu gün oxunan kitab, Yazılan dəftər mənəm!

Sifətini görmüşəm, Düşmənin min rəngi var. Düşmən də cürbəcürdü, Xırdası, nəhəngi var. İçimdəki tufanın, Min şiri, pələngi var. Daşqın Araz, Dəli Kür, Dalğalı Xəzər mənəm!

Yersiz yerlilər gəlib, Haqsız hay-haray olsa, Bircə gilə zəhməti, Hədər gedib zay olsa, Xalqımın bircə tükü, Qara yelə pay olsa, Elə billəm dünyada, Ən böyük kədər mənəm!

Qarışaram bu yurdun, Ocağına, qoruna, Aldanmaram düşmənin, Hiyləsinə, toruna. And içirəm müqəddəs babaların goruna, Səbir, dözüm, dəyanət, Qeyrət mən, təpər mənəm!

Şuşa yaxşı tanıyır, Doğmasını, yadını. Topumda, Topxanamda, Düşmən görüb dadını. Kim nə zaman çəkəndə Qarabağın adını, Göydən ulduzlar sanı, Yağan nəğmələr mənəm!

Vaxtım yox gecikməyə, Haqqım yox tələsməyə. Qoy xainlər başlasın, Titrəməyə, əsməyə. Xəyanətin kökünü, Yer üzündən kəsməyə, Ən kəskin qılınc mənəm, Ən iti xəncər mənəm!

Həqiqətə güvənib, Haqqa tərəf dayanıb, Azərbaycan elləri, Bu gün səf-səf dayanıb. Ön cərgədə birinci, Məslək, şərəf dayanıb. Ən qüdrətli bir ordu, Ən odlu səngər mənəm!

Torpağın hər zərrəsi, Məndən ötrü müqəddəs. Yüz il yükünü çəksəm, Demərəm ki, bəsdi, bəs. Gör nə deyir gəncliyin, Ürəyindən gələn səs: Xalq mənim rəhbərimdi, Bu xalqa rəhbər mənəm!

Bu gün mənim ürəyim, Yurdum, sənə döyündü. Bu gün sənin ürəyin, Yurdum, sənə döyündü. Elə ki, milyon ürək, Bir bədəndə döyündü, Ən uğurlu qələbə, Ən böyük zəfər mənəm!

1988, 27 noyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.