Mənə “xoşgəldin” de, “əlvida” demə
Elə ki, taleyin üzünə güldü, Daha dad qılmasın göz ayrılıqdan. Görüşlər dalınca görüşlər gələr, Düşməz ortalığa söz ayrılıqdan.
“Sevirəm” deyənin sevgisi haqsa, Qəm yemə, bu yolda göz yaşın axsa. Sonu bir bayrama qovuşacaqsa, Nə usan, nə də ki, bez ayrılıqdan.
Üz vermə həsrətə, nə danış, nə din, Boylanmaq zülümdü, gözləmək çətin. Əlim ətəyində qalıb həsrətin, Sən Allah, əlimi üz ayrılıqdan.
Şirin bir qismət ol, qismətdən kəmə, Qənim ol yolunda çəkdiyim qəmə. Mənə “xoşgəldin” de, “əlvida” demə, Bir görüş yaxşıdır yüz ayrılıqdan.