Əsas məzmuna keç

Gəraylı

Mənə sevdiklərim qalar

Zəlimxan Yaqub

2

Ömür yolu – sevgi yolu, Mənə sevdiklərim qalar. Sevgilərlə qəlbim dolu, Mənə sevdiklərim qalar.

Ələnib keçər ələkdən, Təmizlənər un kəpəkdən. Balı süzəllər pətəkdən, Mənə sevdiklərim qalar.

Kimdi ölü, kimdi diri, Kimdi bu ocağın piri. Seçərəm çaqqalı, şiri, Mənə sevdiklərim qalar.

Solar yanaq, çatılar qaş, Düşünməkdən yorular baş. Zaman keçər yavaş-yavaş, Mənə sevdiklərim qalar.

İz var itər, daşda qalmaz, Söz var gedər, huşda qalmaz, Yaddan çıxan başda qalmaz, Mənə sevdiklərim qalar.

Dağım deyil, çənim deyil, Tarlam deyil, dənim deyil, Sevmədiyim mənim deyil, Mənə sevdiklərim qalar.

Yaşıldı, aldı, bilmərəm, Tirmədi, şaldı, bilmərəm. Kimə nə qaldı bilmərəm, Mənə sevdiklərim qalar.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.