Mənə səhəri verin
Gecələri istəmirəm, Gecənin qaranlığı var. Qaranlığı istəmirəm, Zülməti, toranlığı var. Qaranlığı görəndə Qara paltarlı, Qara əlli, Qara əməlli, Qara niyyətli adamların Qara illərdə döydüyü qapılar yadıma düşür. Müşfiqlər, Cavidlər, Cavadlar yadıma düşür. Mənə səhəri verin, səhəri! Dilində dünyanın xeyirli xəbəri. Əritsin Günəşi Axşamdan qalan xiffəti, Gecədən yığılan qəhəri. Dan yeri gözümün işığı, Qəlbimin təpəri. Mənə səhəri verin, səhəri!
2009, 1 avqust