Mənə bu sözləri yazdıran mələk
Dilin uzun olsun, üzün ağ olsun, Yaşıl duyğuların yaşıl tağ olsun, Günahın eşq ilə yaşamaq olsun, Qapını vədəsiz döyməsin külək, Mənə bu sözləri yazdıran mələk.
Kimin gücü çatar, kim agah eylər, Sevgi insanları niyə şah eylər? Eşqimi ən uca bir dərgah eylər. Hər incə barmağın zərif bir lələk, Mənə bu sözləri yazdıran mələk.
Dodağı nəğməli, sinəsi sazlı, Göy kimi havalı, yer kimi nazlı. Göyərçin görkəmli, durna boğazlı, Ən şirin arzudu, ən şirin dilək, Mənə bu sözləri yazdıran mələk.
Varlığın başabaş nurda, işıqda, Özünsən günəş də, nur da, işıq da. Dünyanı dolandım sən yaraşıqda, Nə bağda gül gördüm, nə düzdə çiçək, Mənə bu sözləri yazdıran mələk.
Yanağın xalına xal çatan deyil, Dodağın balına bal çatan deyil, Taxtın çox ucadı, əl çatan deyil, Ya uca tanrısan, ya zalım fələk, Mənə bu sözləri yazdıran mələk.
2001, 26 yanvar