Əsas məzmuna keç

Qoşma

Mənə bu dərdləri sən çəkdirmisən

Zəlimxan Yaqub

1

İlan ili bəlli, İt ili bəlli, Dovşan ili bəlli, At ili bəlli, Habili, Qabili, qatili bəlli, Mənə bu dərdləri sən çəkdirmisən.

Ver mənə cəzanı, cəzan mübarək, Yazdıran mübarək, yazan mübarək, Qazilər demişkən, qəzan mübarək, Mənə bu dərdləri sən çəkdirmisən.

Qurdun məhkum kimi hər divanımı, Yıxdın mərtəbəmi, nərdivanımı. Əlinlə bağladın dərd-divanımı, Mənə bu dərdləri sən çəkdirmisən.

Səhv edib çürüyü qatmışam safa, Dərdlərim tən gələr Ağrıynan Qafa. İmansız, allahsız gəlməz insafa, Mənə bu dərdləri sən çəkdirmisən.

Heç peyvənd olarmı gül ilə alaq, Yaxşını yamana kim vurdu calaq? Qazancım çarmıxdı, payım daşqalaq, Mənə bu dərdləri sən çəkdirmisən.

Çəkiləndə hesab nə deyəcəksən? Sorulanda cavab nə deyəcəksən? Veriləndə əzab nə deyəcəksən? – Mənə bu dərdləri sən çəkdirmisən.

2005, 30 dekabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.